ATV-nin "Yoxlama" verilişinə oğurluq iddiası

ATV-nin "Yoxlama" verilişinə oğurluq  iddiası
5122 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynanın “Novıy kanal” televiziya kanalı Azərbaycanın “Azad Azərbaycan” Televiziyasını (ATV) ittiham edib.

Axşam.az “Report”a istinadən xəbər verir ki, “Novıy kanal”ın Hüquq Departamentinin rəhbəri Katerina Moroz bildirib ki, ATV onlara məxsus “Revizor” verilişini lisensiyasız öz versiyasında yayımlayır. Onun sözlərinə görə, ATV-də “Yoxlama” adlı verilişin yayımlandığı haqda xəbəri Azərbaycan vətəndaşı məktub vasitəsi ilə onlara çatdırıb.

Məlumata əsasən, “Novıy kanal” “Pyatnitsa” telekanalı ilə birlikdə ATV rəhbərliyinə intellektual və müəllif hüququnun pozulması haqda məktub göndərib. Məktubda verilişin yayımlanmasının dayandırılması da istənilib. Verilişin yaradıcı birliyinin rəhbəri Viktoriya Burdukova isə bildirib ki, başqasının intellektual mülkiyyətindən istifadə edərkən bunun üçün icazə istəmək və ödəniş etmək lazımdır. ATV-nin “Xəbərlər” departamentinin rəhbəri Vaqif Aydınoğlu  açıqlamasında deyib ki, ATV-yə “Novıy kanal” və “Pyatnitsa” telekanalından heç bir rəsmi məktub, rəsmi müraciət daxil olmayıb. O söyləyib ki, əgər həmin telekanaldan “Azad Azərbaycan” televiziyasına müraciət daxil olarsa, ondan sonra bu məsələyə münasibət bildiriləcək:

“Hamı çox söz deyə bilər, amma hələ rəsmi bir şey yoxdur. Qoy rəsmi etiraz məktubu göndərilsin, rəsmi sənəd yollansın ki, onun əsasında biz münasibət bildirə bilək”.