Azərbaycanın bu kəndində cəmi 30 insan yaşayır - fotoreportaj

Azərbaycanın bu kəndində cəmi 30 insan yaşayır -  fotoreportaj
14020 dəfə oxunub
  • A-
  • A
  • A+
Sarıbaş - Qax rayonunun ən yüksək yerində yerləşir.

Axşam.az-ın məlumatına görə, kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlisu kəndindən 7 km. şimal qərbdə Kürmükçayın yuxarı səthində Əyriçayın hövzəsində yerləşir.



Kənd əhalisinin dediyinə görə, burada qış aylarında təxminən 30 insan yaşayır. Yayda isə əhalinin sayı 60-a çatır. Qış sərt keçdiyi üçün insanlar kəndi tərk edib, rayona gedirlər.

Kəndə gedəcək avtomobil yolu yoxdur. Bura adi maşınla getmək mümkün deyil. Yalnız bu yollar üçün xidmət göstərən “UAZ Vilis” maşınlarla getmək olar. Avtomobil Kürmükçayın üstündən keçir. Həmin an gərək çayın səviyyəsi çox da yüksək olmasın. Qışda isə bu yollar buz bağladığından gediş-gəliş çətinləşir. İnsanlar qış azuqələrini payızda alıb yığırlar. 



Sarıbaş hər tərəfdən dağlarla əhatə olunub.



Kənd məktəbi böyük olsa da, cəmi 7 şagird var. Onlardan üçü bu il məktəbi bitirib. Dərslər doqquzuncu sinfə kimi keçirilir. X və XI sinfi oxumaq üçün ya rayona, ya da başqa şəhərə getmək lazımdır.



Metreolaqlar Qaxın hava proqnozunu bu kənddə müəyyənləşdirirlər.

Bu evdə məşhur fransız aktyoru Jerar Depardye qonaq olub.  Bir vaxtlar burada tanınmış fransız yazıçısı Aleksandr Düma yaşayıb.

“Fransızlar Aleksandr Düma haqqında film çəkirdi. Həmin vaxt kəndimizə gəlib, bu evdə qaldılar. Jerar Depardye də onlarla birlikdə idi” deyə, evin hazırki sakini Gülyaz xanım bildirib.



Kəndin qurtaracağında, dağın uc hissəsində çoban heykəli qoyulub. Deyilənə görə, bu çoban vaxtilə kənddə yaşayıb, onu ildırım vurub. Sonradan onun heykəlini həmişə oturduğu bu yerdə ucaldıblar.



Burada mobil telefon işlətmək də çətindir. Evin içində şəbəkə tutmur. Telefonla danışmaq üçün həyətə düşmək və ya kəndin ortasına qədər getmək lazımdır.

Kənddəki evlərin əksəriyyəti boş və kimsəsizdir. Bəziləri isə uçub dağılıb. Hətta kəndin XV əsrdə tikildiyi deyilən məscidi də dağılıb.



Kəndin bir vaxtlar fəaliyyət göstərən kitabxanası da hazırda uçub. Amma əhali buna baxmayaraq, uşaqlara yaxşı dərs keçildiyini deyib. Məktəbi bitirən şagirdlərin əksəriyyəti universitetdə təhsil alır. Bəziləri isə bitirib və müxtəlif sahədə çalışır.



Kənd camaatı at saxlayır və arıçılıqla məşğul olur. Onlar dağdan enmək üçün atdan istifadə etdiklərini deyirlər.



Sakinlər Sarıbaş kəndin adı ilə bağlı əfsanələri də bölüşüblər. Bəziləri deyir ki, buranın suyuna görə, bütün insanların saçı sarı olur. Sularında yod yoxdur. Elə ona görə də kəndə Sarıbaş adı qoyulub. Bəzi rəvayətə görə isə müharibə vaxtında yaralı əsgərlərin əksəriyyəti bu kəndə gətirilib, orada dəfn edilib. Onların çoxu isə ruslar olub, adı da buradan götürülüb. 



Kənd əhalisi çox qonaqpərvərdir. Bura gələn hər bir kənar insanı evlərində qonaq edirlər. Onlar çox nadir hallarda kəndə qonaq gəldiyini deyirlər. 

Zəhra ƏHMƏDOVA

Foto: Elvin ABDULLAYEV