Bu gün Şəkidə şirniyyat festivalı olacaq

Bu gün Şəkidə şirniyyat festivalı olacaq
1196 dəfə oxunub
  • A-
  • A
  • A+

Festivallar şəhəri kimi tanınan qədim Şəki bu gün yenidən öz qapılarını beynəlxalq festival iştirakçılarının üzünə açır.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, axşam saatlarında XVIII əsrə aid qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində III Beynəlxalq ənənəvi şirniyyat festivalının təntənəli açılış mərasimi olacaq.

Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızın 20 şəhər və rayonunun, həmçinin 10 ölkənin, o cümlədən Türkiyə, İndoneziya, Fransa, Hindistan, Yunanıstan, Rusiya Federasiyasının Çuvaşıya Respublikası, Özbəkistan, İran, Ukrayna və Qananın şirniyyatçıları iştirak edirlər.

TÜRKSOY tərəfindən Şəki şəhərinin 2016-cı il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar builki festivalın iştirakçıları arasında türkdilli ölkələrdən gəlmiş qənnadıçılar da var.

“Yuxarı Karvansaray” kompleksinin həyətində təşkil edilən sərgilərdə şirniyyatçılar əvvəlcədən hazırladıqları qənnadı məhsullarını nümayiş etdirəcəklər.

Festival iştirakçılarının təqdim etdikləri şirniyyat nümunələri münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və fərqlənən şirniyyatçılar mükafatlandırılacaq.