“Sarı gəlin” mahnısı Tayvanda səsləndirilib - video+fotolar

“Sarı gəlin” mahnısı Tayvanda səsləndirilib -  video+fotolar
472 dəfə oxunub
  • A-
  • A
  • A+

Ənənəvi olaraq hər il yay aylarında Tayvanda Yi-lan beynəlxalq uşaq folkloru və folklor oyunu üzrə festival keçirilir. Sinshuy çayının sahilində təşkil olunan bu festival müxtəlif dünya ölkələrinin təhsil ocaqlarının folklor musiqisini ifa edən qrup və ansambllarını bir araya gətirir.

Axşam.az xəbər verir ki, iyulun 15-də başlayan festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli musiqi məktəbi və V.Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərindən ibarət birləşmiş “Aysel-Buta” folklor qrupunun üzvləri təmsil edir.

ABŞ, Kanada, Rusiya, Yaponiya, Meksika, Filippin, İndoneziya, Koreya Respublikası, İran, Hindistan, Slovakiya, Argentina, Braziliya, Venesuela, Kolumbiya, Gürcüstan və s. ölkələrdən gələn müxtəlif kollektivlərlə yanaşı, Azərbaycanın “Aysel-Buta” folklor qrupunun çıxışları, milli rəqslərimizin və xüsusilə də “Sarı gəlin” mahnısının ifası xarici tamaşaçıların böyük marağına səbəb olub və onlarda yaddaqalan xoş təəssürat yaradıb.

Festival, həmçinin ölkəmizin qədim və zəngin mədəniyyətinin təbliği, habelə milli musiqi alətlərinin, rəqslərinin və milli geyimlərinin nümayişi üçün əlverişli fürsət yaradıb.