"Bu, təəccüblü görünə bilər, amma..." - Tahir İmanov

"Bu, təəccüblü görünə bilər, amma..." -  Tahir İmanov
19491 dəfə oxunub
  • A-
  • A
  • A+

“Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru, əməkdar artist Tahir İmanov yeni çəkdiyi “Ölülər XXI əsr” filmindən danışıb. 

Axşam.az T.İmanov "buro 24/7" saytına müsahibəsini təqdim edir:

- Tahir müəllim, niyə məhz "Ölülər" pyesini ekranlaşdırmağı qərara aldınız?

- 2001-ci ildə "Parni iz Baku" KVN komandasının vida konsertindən sonra ümummilli lider Heydər Əliyev səhnə arxasında bizimlə görüşəndə Cəlil Məmmədquluzadənin yaradıcılığına toxundu. O, bildirdi ki, bu böyük dramaturq öz dövrünün problemlərini çatdırdığı kimi, biz də müasir dövrün çatışmazlıqlarını göstəririk. Bunu eşitmək bizim üçün böyük şərəf idi. Düzünü desəm, Cəlil Məmmədquluzadənin adını ilk dəfədir eşidirdim. Bu, oxuculara təəccüblü görünə bilər, ancaq mən rus bölməsində təhsil aldığım üçün Azərbaycan ədəbiyyatının görkəmli dramaturqlarının yaradıcılığı ilə tanış deyildim. Lakin həmin vaxtdan mən Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə tanış olmağa başladım. "Ölülər" əsərini oxuyandan sonra isə qərara gəldim ki, bu əsərin müasir versiyası çəkilməlidir. Uzun illər maliyyə vəsaiti olmadığı üçün bu arzunu reallaşdıra bilməmişdik. Amma filmin ssenarisinin ideyası sinopsis şəklində hələ 2011-2012-ci illərdə hazır idi. Şadam ki, biz uzun zamandan sonra bu filmi çəkdik.
 
- Cəlil Məmmədquluzadənin yaradıcığında sizin diqqətinizi hansı məqamlar çəkdi?

- Onun "Ölülər" əsərində yazdığı bir cümlə indiyə kimi aktualdır. Kefli İskəndər dialoqlarından birində deyir ki, "hörməti olanın elmi yoxdur, elmi olanın hörməti yoxdur". Baxın, bu əsərin yazıldığı vaxtdan bir əsr keçib, amma indiyə qədər bu ifadə aktualdır. Cəlil Məmmədquluzadənin dahiliyi bundadır. Onun işlətdiyi tezislər, aforizmlər, replikalar yüz ildən sonra da aktuallığını itirməyib və düşünürəm ki, həmişə belə olacaq. Aktual əsərləri ancaq dahilər yazırlar.

- Filmin üzərində hansı komanda çalışıblar?

- Ssenari üzərində "Planet Parni iz Baku" KVN teatrının yaradıcı heyəti - Tahir İmanov, Ələkbər Əliyev, Mütəllim Həsənov, Anar Ömərov və Məmmədəli Kazımov çalışıb. Filmin quruluşçu rejissoru mənəm, ancaq burada "Şuşa" təxəllüsü ilə çıxış etmişəm. Çəkilişlər 2015-ci ilin yay aylarında aparılıb, hazırlıq mərhələsi isə hələ yanvar ayından başlamışdı. Amma bütün post-prodakşn işləri bu yaxınlarda yekunlaşdı. Filmin montajı Litvanın Vilnüs şəhərində, səsin montajı isə Moskvada aparılıb. Quruluşçu operatorumuz Litvanın ən peşəkar operatorlarından biri olan Saulius Lukoseviçiusdur. Səs rejissorumuz isə hazırda Rusiyada yaşayan həmyerlimiz Rüstəm Məmmədovdur. Rüstəm bir çox rus filmlərinin və seriallarının üzərində çalışıb, orada Rustam Medov kimi tanınır.


- Aktyor heyətinə kimlər daxildir?

- Elə aktyorlar var idi ki, ssenari müəllifləri rolları məhz onlar üçün yazırdı. Bu aktyorlar artıq kastinqsiz təsdiq olunmuşdular. Bunlar "Planet Parni iz Baku" KVN teatrının məşhur simaları Cabir İmanov, Bəhram Bağırzadə və Azər Məmmədzadə idi. Obrazlar Mirzə Cəlilin düşündüyü obrazlardır, sadəcə müasir versiyada biz onların adlarında dəyişiklik etmişik. Filmin devizi belədir: "Filmin heç bir qəhramanı uydurma deyil. Onları Azərbaycanın görkəmli dramaturqu və satiriki Cəlil Məmmədquluzadə fikirləşib". Biz bu düsturdan bütün ssenari prosesində istifadə etmişdik.

- Filmə kastinq necə oldu?

- Biz çəkilişlərdən öncə iki aya yaxın məşq etmişdik. Kefli İsgəndərin obrazına hardasa, yüzə yaxın aktyor gəlmişdi. Akademik Milli Dram Teatrının aktyoru Elnar Qarayev birinci dəfə bu obrazı sınayanda xoşuma gəlməmişdi. Qərara gəldik ki, filmdə Elnara epizodik rollardan birini verək. Amma o imtina etdi və dedi ki, "mən ya Kefli İskəndəri oynayacağam, ya da ümumiyyətlə oynamayacağam". Sonra tanınmış bir aktyoru dəvət etdik, razılıq verdi, ancaq müqavilə imzalanan zaman roldan imtina etdi. Bu zaman Elnara müraciət etdik. Kastinqə qatılan bütün aktyorlar ya "Ölülər" filmindəki, ya da eyniadlı tamaşalardakı Kefli İskəndəri təkrarlayırdılar. Elnar isə bu rolu özünəməxsus şəkildə oynadı. Bundan başqa, filmdə Dilarə Əliyeva, Mehriban Xanlarova, Cabir İmanov, Rövşən Kərimduxt, Valeh Kərimov, Elxan Quliyev kimi aktyorlar çəkiliblər. Mən özüm isə Şeyx Nəsrulla obrazındayam, ancaq filmdə adım Nəsrulla Şeyxovdur. Onu da qeyd edim ki, bu, kinoda ilk mənfi obrazımdır.

- Çəkilişlər harada aparılıb?

- Çəkilişlər Azərbaycan dilbər guşələrindən birində, o cümlədən Bakıda aparılıb. Ssenari ərsəyə gələndən sonra mənim üçün ən vacib iş filmin uğurunun yarısını təmin edəcək musiqinin yazılması idi. Mən xalq artisti Faiq Sücəddinova müraciət etdim və o, böyük məmnuniyyətlə film üçün mahnılar yazdı. Mahnıların sözləri Baba Vəziroğluna, aranjemanı Yaşar Baxışa məxsusdur. Həmin mahnıları bizim tanınmış sənətçilərimiz - xalq artisti Samir Cəfərov, "Eurovision" müsabiqəsinin qalibi Nigar Camal, "Eurovision" təmsilçimiz Fərid Məmmədov, Gülay Zeynalova və Elçin Cəfərov oxudular. Elçin bu filmdə mənim üçün çox böyük bir kəşf oldu. Bütün sənətçilər filmin ssenarisi, obrazların problemləri ilə tanış olandan sonra mahnıları oxudular. Ümumilikdə deyə bilərəm ki, film komediya janrında çəkilsə də, burada digər janrların elementlərindən də istifadə olunub. Filmin media üçün premyerası sentyabrın 21-də olacaq. Ayın 22-dən etibarən isə tamaşaçılar şəhərin bütün kinoteatrlarında izləyə bilərlər.

- Sizcə, bu film tamaşaçılara hansı mesajı verəcək?

- Biz filmin baş məsləhətçisi, məşhur teatrşünas İlham Rəhimli ilə söhbətləşdiyimiz zaman o dedi ki, "Ölülər" əsəri Sovet dövründə Moskvanın ali təhsil ocaqlarında dərslik kimi tədris olunub. Orada müəllimlər bu əsəri nümunə kimi göstəriblər ki, əsl satirik pyes belə olmalıdır. "Ölülər"də xoşbəxt sonluq yoxdur. Şeyx Nəsrullah hamını aldadaraq qaçıb gedir. Bu o deməkdir ki, Şeyx Nəsrullahlar həmişə olacaq, onlar aktualdır və bu cür insanlara rast gəlməmək üçün diqqətli olmaq lazımdır.

- Son illər gənc rejissorlar sanki bir-biri ilə rəqabətə girərək, filmlər çəkməkdədir. Bunu kino sənayemizin yeni bir mərhələyə qədəm qoyması kimi qiymətləndirmək olarmı?

- Bunu peşəkarlar deyə bilər. Ola bilsin ki, hansısa film zəif və ya səviyyəsi aşağı olsun. Amma ümumiyyətlə, bu prosesə sevinmək lazımdır. Dünyanın heç bir ölkəsində istənilən sahə dərhal yüksək səviyyəyə qalxmayıb. Mən bir azərbaycanlı kimi müasir Azərbaycan kinematoqrafiyasında baş verən proseslərə sevinirəm. "My name is Intiqam"ın, "Bozbash Pictures"in, "Xoxan"ın uğuruna sevinirəm. İşləmək lazımdır. Qoy işləsinlər, işlədikcə öz səhvlərini görüb artıq növbəti layihələrdə belə səhvlərə yol verməyəcəklər.

Filmin kadrarxası fotolarının müəllifi Zəki Bağırovdur.