Cəfər Cabbarlının yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Cəfər Cabbarlının yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib
10795 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi ilə bağlı tədbirlər planını təsdiqləyib.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, tədbirlər planı Prezident İlham Əliyevin “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamın icrasını təmin etmək məqsədilə hazırlanıb.

Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulur.

Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir “Salnamə” sənədli filmlər studiyası tərəfindən lentə alınacaq.

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri keçiriləcək.

Akademik Milli Dram Teatrında dramaturqun “Od gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operasının nümayişi nəzərdə tutulur.

Azərbaycanın Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə C.Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.

Mədəniyyət Nazirliyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” adlı elmi-praktik konfrans keçiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimai Televiziya ilə birgə dramaturqun “Solğun çiçəklər” pyesinin motivləri əsasında səkkiz seriyalı bədii filmin çəkilməsi və yayımı da tədbirlər planında yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci il dekabrın 17-də “Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.