Bakı Milli Geyim evi 10 illiyini qeyd etdi - Fotolar

Bakı Milli Geyim evi 10 illiyini qeyd etdi - Fotolar
11927 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Bakı Milli Geyim evinin “Ənənədən gələcəyə” adlı dəfiləsi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Bakı Milli Geyim evinin 10 illik yubileyinə həsr olunmuş dəfilədə bu illər ərzində hazırlanmış geyimlərlə yanaşı, yeni kolleksiyalar da qonaqlara təqdim edilib.

Bildirilib ki, hər il Novruz bayramından əvvəl Bakı Milli Geyim evi ənənəvi olaraq “Ənənədən gələcəyə” adlı bu layihəni həyata keçirir. Dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 30-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunur. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.



Diqqətə çatdırılıb ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı Milli Geyim evinin 50-dən çox geyimi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənir.

Dəfilədə qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş etdiriblər.



Gecədə Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki "Oyuq" teatr studiyasının balaca üzvləri də milli geyimlərdə səhnəyə çıxıblar. Balacaların milli geyimdə mahnı oxuyaraq rəqs etməsi dəfiləyə xüsusi rəng qatıb.



Tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, incəsənət xadimləri, ziyalılar, sənətsevərlər və media orqanlarının əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, Bakı milli geyim evi 2009-cu ildə Könül Vəlibəyli tərəfindən təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür.