Prezident Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalayıb

Prezident Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalayıb
3721 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev görkəmli bəstəkar Arif Məlikovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

Axşam.az xəbər verir ki, nekroloqda deyilir:

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının kafedra müdiri, professor Arif Cahangir oğlu Məlikov 2019-cu il may ayının 9-da ömrünün 86-cı ilində vəfat edib.

Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1951-ci illərdə Bakı musiqi texnikumunda oxuyub, 1953–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1951–1952-ci illərdə Şuşa şəhər musiqi məktəbində müəllim kimi başlayan Arif Məlikov 1960-cı illərdən taleyini Azərbaycan Dövlət Konservatoriyası ilə bağlayaraq burada 1966–1968-ci illərdə baş müəllim, 1968–1978-ci illərdə dosent, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb.

Arif Məlikov Azərbaycan mədəniyyəti tarixinin yetirdiyi sənətkarlar nəslinin parlaq yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirib və milli musiqi salnaməsinə yeni səhifələr yazıb. Zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin bəstəkarlıq məktəbinin istedadlı yetirməsi və davamçısı olmaqla, onun hələ tələbəlik illərindən etibarən müxtəlif janrlarda bəstələdiyi əsərlər diqqəti cəlb ediv və musiqisevərlər tərəfindən dərin rəğbətlə qarşılanıb.

Bəstəkarın musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə həmişəlik yer tutub. Onun kino və dram tamaşalarına yazdığı musiqi, eləcə də romans və mahnıları məşhur sənətkarların ifasında səslənərək geniş populyarlıq qazanıb. Arif Məlikovun bəşəri idealları özündə dolğun əks etdirən əsərləri ölkəmizin hüdudlarından kənarda bu gün də uğurla səsləndirilməkdədir. “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Arif Məlikov uzun illər ərzində görkəmli pedaqoq kimi öz zəngin təcrübəsindən bəhrələnməklə gənc musiqiçilər nəslinin yetişdirilməsi və peşəkar musiqiçi kadrların hazırlanması işində müstəsna xidmətlər göstərib. Onun ictimai fəaliyyəti də zəngin və çoxşaxəli olub. Arif Məlikov SSRİ xalq deputatı olaraq respublikamızın ictimai-siyasi həyatında ötən əsrin son onilliklərində cərəyan edən taleyüklü hadisələrə münasibətdə daim vətənpərvər ziyalı mövqeyi nümayiş etdirib.

Akademik Arif Məlikovun Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən layiqincə və yüksək qiymətləndirilib. O, bir sıra fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından “Heydər Əliyev”, “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif olunub.

Böyük bəstəkar, görkəmli pedaqoq, əsl ziyalı və gözəl insan Arif Cahangir oğlu Məlikovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.