XI Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən musiqiçilər bəlli oldu

XI Qəbələ Beynəlxalq Musiqi Festivalında iştirak edən musiqiçilər bəlli oldu
4267 dəfə oxunub
  • A-
  • A
  • A+

XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 1 avqustda Heydər Əliyev adına Konqres Mərkəzində baş tutacaq.

Festivalda müxtəlif musiqi janrlarında çıxış edən musiqiçilər, solistlər, dirijorlar iştirak edəcəklər.

Festivala Azərbaycan, Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dəvət olunan dünya şöhrətli dirijorlar Fəxrəddin Kərimov, Dmitri Yablonski, Alvise Kasellati, eləcə də Oksana Yablonskaya, Janna Qandelman, Eduard Vulfson, Anna Koşkina, Janna Miniotas, Boris Andrianov, Sim Helen, İrina Starodub, Mariya Buynosova, Umid İsrailov, Modestas Sedlevicius, Ningvu Du, Doğu Kaptaner, Fırat Semerçioğlu kimi musiqiçilər və digərləri çıxış edəcəklər.

Festival çərçivəsində keçirilən konsertlərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestri, “Kiyev virtuozları” simfonik orkestri, “Clarte” klarnet kvarteti, Trio Mirakulum (Türkiyə) məharətlərini səhnədə nümayiş etdirəcəklər.

Xalq artistləri Murad Adıgözəlzadə, Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Əməkdar artistlər Nərgiz Kərimova, Rəna Rəhimova, beynəlxalq müsabiqələr laureatları Cavad Tağızadə, Ceyla Seyidova, Toğrul Hüseynli, Nicat Salmanov, Taleh Yahyayev, Mahir Tağızadə, Fəqan Həsənli, Natavan Həsənova, Nərmin Nəcəfli və digər sənətkarlar maraqlı ifaları ilə tamaşaçıların diqqətini cəlb edəcəklər.

Festivalda həmçinin dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və məktəbi” adlı konsert keçiriləcək.

Hər il olduğu kimi, bu il də Festival çərçivəsində “Muğam axşamı” keçiriləcəkdir. Muğamsevərlər “Naz-nazı” muğam qrupunun çıxışlarından zövq ala biləcəklər.

Qeyd edək ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalı əhali arasında gözəl musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına xidmət edir.