“Balaca şahzadə” iki dəfə göstəriləcək

“Balaca şahzadə” iki dəfə göstəriləcək
3386 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı bu ay iki dəfə təqdim edəcək.

Teatrdan Axşam.az-a verilən məlumata görə, noyabrın 29-30-da nümayiş ediləcək səhnə əsərinin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunacaq.

Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.

Heydər Əliyev Fondunun layihəsi olan və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanan səhnə əsərində Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, İqrar Salamov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov və İbrahim Əlizadə ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.