Əbülfəs Qarayev Parisdə hesabat verdi - Fotolar

Əbülfəs Qarayev Parisdə hesabat verdi - Fotolar
302 dəfə oxunub
  • A-
  • A
  • A+

Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev 27 noyabr tarixində UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak edib.

Ümumdünya İrs Komitəsinin sədri kimi nazir Əbülfəs Qarayev 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edib.

Nazir qeyd edib ki, Komitənin Bakıda keçirilmiş 43-cü sessiyasında ümumilikdə 2000-dən artıq şəxs iştirak etmiş, müxtəlif ölkə və təşkilatlar tərəfindən 53 paralel tədbir təşkil olunmuş və 29 yeni məkan Ümumdünya İrs Siyahısına daxil edilib. Sessiyadan əvvəl təşkil olunan Ümumdünya İrsi üzrə Gənc Peşəkarlar və  Ümumdünya İrsi üzrə Abidə Menecerləri Forumları barədə məlumat verən nazir forumların bir sıra mühüm nəticələrini qeyd edib.

Əbülfəs Qarayev Komitənin 30 iyun tarixində keçirilmiş açılış mərasiminə toxunaraq tədbirin UNESKO-nun baş direktoru xanım Odre Azuleyin, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və digər yüksək səviyyəli rəsmilərin çıxışları ilə yadda qaldığını qeyd edib. O, sessiyanın yekununda Mədəni və təbii irsin qorunması üzrə Bakı Bəyannaməsinin qəbul edildiyini və sessiyanın gündəliyində ilk dəfə olaraq Afrika və dayanıqlı inkişafa aid bəndin daxil edildiyini bildirib.

Nazir, həmçinin Komitəyə və Ad Hoc işçi qrupuna sədrlik dövründə həyata keçirilən fəaliyyət və əldə olunan uğurlardan söz açıb.

İclasda Ermənistan nümayəndə heyəti hər zamankı kimi təxribata əl atmışdır. Nümayəndə heyəti bildirmişdir ki, Ermənistan nümayəndə heyəti üçün təhlükəsizlik şərtləri təmin edilmədiyindən Komitənin Bakıda keçirilmiş sessiyasında iştirak mümkün olmayıb. Azərbaycan nümayəndə heyəti ermənilərin ənənəvi təxribatına qarşı cavab olaraq bildirmişdir ki, Komitənin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi UNESKO ilə Azərbaycan Hökuməti arasında imzalanmış müqavilə və öhdəliklər toplusu ilə tənzimlənib və bu çərçivədə Azərbaycan UNESKO-nun bütün üzv ölkələri və tərəfdaş təşkilatları üçün eyni şərtləri və şəraiti təmin edib. Qeyd olunub ki, Ermənistan tərəfi ənənəvi olaraq ölkəmizdə keçirilən bütün tədbirlərlə bağlı pozucu mövqedən çıxış edir. Azərbaycan nümayəndə heyəti, həmçinin UNESKO rəhbərliyi və iştirakçıları tərəfindən tədbirin keçirilməsi səviyyəsinə qiymətini verildiyini və bunun Ermənistan tərəfinin iddialarına cavab olduğunu bildirib.

Tədbir çərçivəsində nazir Əbülfəs Qarayev həmçinin UNESKO-nun sabiq baş direktoru Koicuru Matsuura ilə görüş keçirib. Sabiq baş direktor UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya salamlarının çatdırılmasını xahiş edib.