Ötən gün Heydər Əliyev sarayında Xalq şairi Ramiz Rövşənin şeirləri əsasında yazılan mahnılar və muğam parçalarından ibarət "Qəfil gün doğsa bir gecə" adlı konsert keçirilib.

Axşam.az-ın məlumatına görə, şairin 73 yaşı ərəfəsində baş tutan konsertdə səhnəyə ilk olaraq YUĞ Dövlət Teatrının aktyorları çıxıb. 5 nəfərdən ibarət heyətin səsləndirdiyi şeir bitər-bitməz Xalq artisti Nəzakət Teymurova səhnəyə təşrif buyurub.

Alqışlarla qarşılanan ifadan sonra Əməkdar artist Ehtiram Hüseynovun səsləndirdiyi mahnı tamaşaçıların ürəyincə olub.

İfaçıları səhnədə Eyvaz Haşımovun “Hicaz” qrupu müşayiət edib.

Gecəboyu aktyorların səsləndirdiyi şeir parçalarının fonunda muğam və gecə üçün xüsusi hazırlanan mahnılar ifa edilib. Bəzi məqamlarda ifaçılar və tamaşaçılar mahnıların təsirindən göz yaşlarını saxlaya bilməyib.

Konsertin anşlaqla keçməsi də diqqətdən yayınmayıb. Gecəyə Xalq artistləri Flora Kərimova, Alim Qasımov, Aygün Bayramova, Röya Ayxan, Əməkdar artistlər Lalə Məmmədova, Münəvvər Əliyeva, müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar, yazıçılar, dövlət rəsmiləri və digər sənət nümayəndələri qatılıb.

Xalq şairi Ramiz Rövşən ona həsr edilən konserti belə xarakterizə edib:

"Rəngarəng konsertdir. Dostlarım hazırlayıb. Qarışıq estetikalar var. Sözün düzü, elə şeirlərimə mahnılar yazılıb ki, bunu heç vaxt gözləməzdim. Mahnıların müəllifi Eyvaz Haşımovdur. Gözəl musiqiçidir. Bu konsertin qəhrəmanları Nəzakət xanım Teymurova ilə Ehtiram bəy Hüseynovdur. Mənim şeirlərimə kim mahnı yazıbsa, onları bir-birindən ayırmıram. Hamısını bəyənirəm".

Qeyd edək ki, gecənin sonunda aktyorlar R.Rövşəni də səhnəyə dəvət edib. O, öz növbəsində hər kəsə təşəkkürünü bildirib. Konsert alqış sədaları ilə sona çatıb.

Pərviz Hüseyn
Foto: Ramid Vahidoğlu

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Xəbər lenti