Aktrisa Aydan Axundzadənin Axşam.az-a müsahibəsi:

- “Google”a nəzər yetirdim. Nədənsə, müsahibələrdən qaçmısınız... Bunun səbəbi nədir?

- Dilindən çıxan sözün özünə qarşı istifadə olunması ilə çox gözəl tanışam. Ona görə də müsahibələrdən qaçıram. Önplanda olmaq istəməməyimə gəldikdə isə sənət onun üçündür ki, hansısa işlə göz qabağına gələsən. Reklam xarakterli, şəxsi və ailə məsələləri ilə gündəmə gəlmək istəmirəm. İş barəsində isə üzərimdə çalışıram deyə, sakitliyə çəkilmişəm.

"QƏŞƏNG EV TƏMİR EDİRƏM" 

- Aktrisalıqdan öncə tərcüməçilik etmisiniz. Hətta iş təcrübənizdə rəngsazlıq da var.

- Bunu deməkdən utansam da, gizlətmirəm: ali təhsilim yoxdur. Xareoqrafiyanı bitirmişəm. Beş il pantomima dərsi keçmişəm. Aktrisalıq bünövrəm rəqslərlə bədən dili və pantomima ilə qoyulub. Qeyd etdiyiniz kimi, təmir ustası da, stomatoloq yanında tibb bacısı da işləmişəm. Qəşəng ev təmir edirəm, ona görə də ustalar məni aldada bilmir. Bu işləri Rusiyada görmüşəm. Bir müddət istirahət etmək üçün xalamgilə getmişdim.

- Tətil üçün getdiyiniz yerdə sizi işləməyə nə vadar etdi?

- Özümlə apardığım pullar bitdi, xalama yük olmamaq üçün iş axtarmağa başladım. Rəsmi işçi sayılmırdım, amma əməkdaşlıq edirdim. Rəsmlər, eskizlər də çəkirdim. Bir dəfə xalam qızı ilə getdiyim tatu salonunda eskizlərə baxıb səhvləri göstərməyə başladım. Tatu ustası dedi ki, deyəsən, rəssamsınız, eskizlərinizi gətirin baxaq. Buradan da pul qazanmağa başladım. Paralel olaraq azyaşlılardan ibarət üç qrupa xareoqrafiya dərsləri də deyirdim. Cavan orqanizm üçün elə də yuxuya ehtiyac yox idi. Bir neçə işin qulpundan yapışmışdım. Səhər 6-dan oyanıb, gecə 1-də yatırdım. Bunun yorğunluğunu indi başa düşürəm.

- Bu peşələrdən aktrisalığa keçid necə baş verdi?

- Azərbaycana qayıtdım. Bacım (Aktrisa Fidan Axundova – red.) “Xəzərin sahilində” verilişində aparıcılıq edirdi. Orada səhər verilişində jurnalistlik vakansiyası boş idi. Maraqlı gəldi. İşsizlikdən yorulurdum. Getdim, Vüqar Qaradağlı (ATV-nin keçmiş rəhbəri – red.) qəbul etdi. Bir ay sınaq müddəti idi. Sonra işləməyə başladım. Daha sonra müqavilə bitdi. İki ay evdə oturdum. Bir müddət sonra zəng gəldi ki, bir jurnalistlik, bir də tərcüməçilik vakansiyası boşdur. Dedim ki, jurnalistlik etmişəm, mənə aid peşə deyil. Artıq yenilik istəyirəm. Tərcüməçilik üçün çağırdılar, dedilər ki, bu film, bu da sən, məharətini göstər! Sonra işə götürdülər, hətta bir ay sonra maaşımı da artırdılar.

Bizim redaksiyada təkcə dublyaj yox, eyni zamanda reklamlar da çəkilirdi. Bir gün şirkətə gələn prodüserlərdən biri məni gördü və reklamda oynamağı təklif etdi? Çox paradoksal bir şeydir ki, hər zaman kameradan qaçmışam. Bir-iki dəfə yox dedim, bacım isə özümü sınamağımı istədi. Söylədi ki, nəyi pisdir? Əlavə pul qazanacaqsan. Bir dəfə çəkilmək üçün razılaşdım. O vaxta görə yaxşı qiymətə danışdıq. Mobil operatorlardan birinin reklamı idi. Ondan sonra eyni şirkətin 4 reklamında fərqli obrazda çəkildim.

"ÇƏRÇİVƏDƏ OLMAMAĞIM MƏNİ O YAN, BU YANA ATIR"

- Sonra sizi serialda gördük...

- Daha sonra rəhmətlik Şahin Zəkizadə məni “Həkimlər” serialına dəvət etdi. Daş atıb başımı tutdum ki, seriala çəkilmirəm, mən aktrisa deyiləm. Yenə də söhbətə bacım qarışdı. Dedi ki, yoxla, səndən nə gedir? Razılıq verdim. Ondan sonra isə artıq təkliflərin necə gəldiyini xatırlamıram.

- Müxtəlif peşələrlə məşğul olmusunuz. Bu doyumsuzluğun səbəbi nədir?

- Doyumsuzluq yox, maraq deyərdim. Həmişə hər şeyi bacarmağı sevmişəm. Bəlkə də bu, bəraət deyil. Bu səhvimi gələcəkdə düzəltmək istəyirəm. Ola bilsin ki, hansısa istiqamət seçmədiyimə görə çərçivəyə girmədim. Özümü bununla sakitləşdirirəm ki, hansısa peşəni seçsəydim, universitetə daxil olsaydım, o çərçivədən kənara çıxa bilməyəcəkdim. Çərçivənin olmaması məni o yan, bu yana atıb. Özümü olduğum kimi sevirəm.

"BACIMLA DOST OLA BİLMƏDİK"

- Bacınız Fidan Axundova müsahibələrinin birində sizi övladı kimi gördüyünü deyib. İnsanlar adətən övladlarına mühafizəkar yanaşır və onları sıxırlar. Sizdə necə?

- O, mənə görə qorxan, mühafizəkar, qayğıkeş biridir. Məni sıxdığı mövzular yox, məsləhət verdiyi məqamlar olub. Mənə qadağalar qoyulmayıb, sadəcə qadağan olunan şeylərə marağım olmayıb. Anam da, bacım da məndə bunu görüb. Atam da bilirdi ki, mənə nəyisə qadağan etmək məcburiyyəti yoxdur. Onsuz da daha yaradıcı maraqlarım var. Küçədə uşaqlarla oynamaq əvəzinə evdə tikiş tikməyi xoşlayırdım. Hamı yığışıb harasa gedəndə, mən evdə oturub rəsm çəkirdim. Özümə, anama nağıl danışırdım. Yaradıcılığımı görürdülər. Sağ olsun ki, Fidanın məsləhətləri ilə mənəvi cəhətdən böyümüşəm. 10 yaş fərqimiz var. Bu, özünü istər-istəməz bildirir. Biz dost ola bilməmişik. Onun dost ehtiyacı olanda mən çox balaca olmuşam. O, mənə uşaqlığının davamı kimi baxıb.

- Dediniz ki, uşaqlar bayırda oynayanda, mən evdə rəsm çəkirdim. Sanki bu rəsm çəkmək istəyi sonralar sizin üçün evdən çıxmamaq üçün bəhanə olaraq qaldı... İndi biz sizi “Tarqovu”da rahat şəkildə görə bilərik...

- Bunun da səbəbi bacımla əlaqədardır. Onunla fərqli məkanlarda, açılışlarda, dəbdəbəli məclislərdə, tədbirlərdə olmuşuq deyə, qlamurluğa, bomonda doymuşam. Bir qədər sakitliyi sevən insanam. Bir müddət məni küçədə kiminsə tanımağı sıxırdı. Çünki sərbəstliyimə düşkünəm. Haradasa böyük marketdə mahnı eşidəndə züm-zümə etməyi, qulaqlıqdakı mahnını təkrarlamağı, rəqs etməyi sevirəm. Haradasa otun üstündə oturmağı da həmçinin... Hər şey kiminsə kənardan “buna bax, efirdə necədir, həyatda necədir” deməyini sevmədiyimdəndir...

"AQRESSİVƏM..."

- Sizi insanlar daha çox aqressiv biri kimi tanıyır...

- Çünki aqressivəm.

- Niyə aqressivsiniz?

- Mən aqressivliyi başqa cür anlayıram. Qəzəbli deyiləm, emosionalam. Aqressiya ona görə yaranır ki, hələ də haqsızlıq görəndə onu diplomatik yolla deyil, emosiyalarımla həll etməyi üstün tuturam. Yaxud hər hansı insan düşüncələrimi xəbər alanda yalanı yox, öz fikrimi deyirəmsə, aqressiv görünürəm. Onu bir az nəzarət altına almalıyam. Çünki mənim fikrim həqiqət deyil, o cümlədən də sizin.... Həqiqət başqadır, bunlar sadəcə fikirdir. Bu fikirləri də bildirəndə bir qədər küncləri ovallaşdırmaq lazımdır. İti künclə demək olmaz. Bunun üzərində çalışıram. Bu vaxtadək özümü kompromisə gedən insan kimi tanıyırdım, lakin indi kimsə mənə “çox aqressivsiniz” deyəndə, onu acı qəbul etmirəm. Bəli, belədir. Bunu ünsiyyətdə büruzə versəm, təəccüblənməyin. Desəniz ki, aqressivləşirsən. Özümü yığışdıraram (gülür).

- Bu aqressivlik indiyədək sizə hansı zərərləri verib?

- Elə aqressiv insan kimi tanınmağı... Hərçənd ki, olduğum kimiyəm. Aqressiv insan hücum edən, vurub-dağıdan, sözü deyəndə təhqirə yol verəndirsə, mən belə insan deyiləm. Dediyim kimi, mənim üçün aqressivlik başqa anlamdadır. Haqsızlığa dözmürəm. Nəinki mənə aid olmayan söhbətdə kiminsə haqqı tapdalananda da söhbətə qarışıram. İstəyirəm ki, dözüm, amma hərdən alınmır.

- Belə bir deyim var ki, insan çata bilmədiyi şeylərin dəlisi, əldə etmədiklərinin isə nankorudur...

- O barədə fikirlərlə razıyam. Lakin həyatımdan, kimliyimdən, məni əhatə edən insanlardan çox razıyam. Hətta ətrafımdakı pis insan belə mənim üçün nümunədir. Məni bu gün kiməsə sevdirən yanımdakı yaxınlarımdır. Həyatın rəndəsindən keçən insan olmuşam ki, yanımda hazırda çox az, amma məni sevən insanlar var. Nankor deməzdim, amma üsyankar vaxtlarım olub. İstədiyimin ağ deyil, qırmızı olmasına, beşinci yox, dördüncü pilləyə qalxmağıma görə üsyan etmişəm. İnsan xisləti belədir. Məndə də arada cücərir, onu basdırıram. Çünki nədənsə narazı olmağa haqqım yoxdur. Dəlisi olmağa gəldikdə isə heç nəyin, heç kimin dəlisi olmamışam.

"EVƏ ÇÖRƏYİ BU PULLA APARIRSAN..."

- Dəlisi olmaq demişkən... İnsanlar var ki, ekranın “dəlisidir”. Buna görə də ağına-bozuna baxmadan bütün günü filmlərə, seriallara çəkilirlər. Ancaq sizi az-az görürük. Səbəbi nədir?

- Ən başlıca səbəbi qonorardır. Bütün aktyorlara və aktrisalara deyilən ən ümdə söz “Büdcəmiz azdır, amma biz bu işi görməliyik”dir. Olsun, bəzən elə fikirləşirsən ki, büdcə az olsa da, olar. Ssenari yaxşı olsun. Ssenari də axsayanda, geriyə nə qalır ki? Birinci güclü ssenari olmalıdır, özünü orada görməlisən. Heç olmasa, 5 il sonra bu filmin portfolionda olmağından razı qalasan. Sonra da qonorar. Zəhmət çəkirsən, işin budur. Evə çörəyi bu pulla aparırsan. Qışda ayaqqabını ayağına bu pulla alırsan. Qonorar da, ssenari də axsayırsa, çəkilməyə səbəb nədir? Serial isə nə vaxt, nə pul, nə əziyyət baxımından qarşılıq vermir.

- Sənətçilərimiz qonorarın azlığından şikayət edir. Lakin onların bir qismi – xüsusilə, aktrisalar qınaq obyekti olur. Buna rəvac verən isə onların bahalı avtomobillərdə gəzib, var-dövlətini nümayiş etdirməsidir.

- Sözün düzü, digər aktrisaların həyatı ilə maraqlanmıram. Necə ki, istəyirəm onlar da həyatımla maraqlanmasın. Bunu deməyə də səbəbim var. Çünki elə bil mən gizli qalmağa çalışdıqca, ətrafımda ciddi cəhdlə nələrsə tapıb çıxarmaq üçün əlləşən insanlar var. Şəxsi və ekrandan kənar həyatımla maraqlanırlar. Amma sualınıza qayıtsaq, seriala çəkilib, bahalı maşın almaq? Bu, mənə bir az qəribə gəldi. O, hansı serialdır, filmdir və hansı prodakşndır ki, biz bir dəfə də eşitməmişik?

- Aktrisa olub, modellik edənlər barədə fikirləriniz nədir?

- Allah görünüş verib, edir. Hələki cavandır. Kamerada istədiyi kimi görünür. Nəyi pisdir ki? Pul qazanırlar. Pis iş görmür ki... Aktrisanın daş daşıdığını desəydiniz, deyərdim ki, qəribədir.

- Bəs, həmkarlarınızdan ən çox kimi bəyənirsiniz?

- Zülfiyyə Qurbanovanı çox bəyənirəm. Bir insanın bu qədər transformasiyası mənə maraqlı gəlir. Çox zərif, alicənab xanımdır. Onu çox istəyirəm. Günay Əhmədi çox bəyənirəm. Hiss edirəm ki, üzərində çalışan xanımdır.

- “Həddən artıq uyğunluq” filmindəki obrazınız bir qism tamaşaçı tərəfindən tənqid edilmişdi. Obrazınızın “quru” olduğunu iddia etmişdilər...

- Konstruktiv (xoşməramlı - red.) tənqidi qəbul edirəm. Təhqir yox, tənqid. Bir çox “divan ekspertləri” tənqidlə təhqiri ayırd edə bilmir. Mənim üçün tənqidlər özümü inkişaf etdirməyə təkandır. Hər hansı filmə çəkilib, səhəri gün “Bu rol mənə yaxın idi, ona görə rahat oynadım” kimi fikirləri qəbul etmirəm. Deməli, sən o rolu oynamamısan, hər rol sənə yaxındırsa, deməli, əmək sərf etmirsən. Olduğun kimi gəlib mimika göstərirsən. Mətni əzbərləyib kamera qarşısında deyirsən. Artistlik bir rolu əyninə geyinmək, onu yaşamaqdır. Özündən çıxıb həmin qəhrəmana çevrilirsən. Bu rolu bir qism “quru” qəbul edibsə, bəlkə də, o obrazı geyinəndə düymənin birini bağlamamışam. Güman ki, ilk filmim olduğuna görə belə olub. Yaxud məsuliyyət böyük olub, bunun həyəcanı mənə maneçilik törədib.

- Sizi bu rola kim uyğun görmüşdü?

- Ülviyyə Könül çəkilişlər başlamamışdan öncə təkid edirdi ki, bu rolu mən oynamalıyam. Bədii Şurada isə vəziyyət 50/50-yə idi. Şübhə qalmışdı ki, mən bacara biləcəm? İş yerində biznes-ledi, sevgilisinin qarşısında isə çılğıntəbiətli qız obrazı idi. Ola bilsin ki, obraz arasındakı keçidlər mənə yaxşı oynamağa imkan verməyib. Gələn dəfə səhvimi düzəldəcəm.

"AFAQ BƏŞİRQIZI İNGİLİS DİLİNİ GÖZƏL BİLİR"

- Həmin filmdə Xalq artisti Afaq Bəşirqızı ilə oynamısınız. Onun bu barədə rəyi necə idi?

- Çəkiliş meydanında tanış olan gündən məni qanadının altına aldı. Məsləhətlər verirdi. Ülviyyə xanıma demişdi ki, düzgün seçim etmisən. Məşqlərdə ingilis dilində danışırdım. Afaq xanım da ingilis dilini, hətta ləhcələri də bilir. Mənə dedi ki, sən Kaliforniya ləhcəsi ilə danışırsan. Ondan tərif eşitmək mənə çox təəccüblü gəldi. Səhvlərimi düzəldirdi. Afaq xanımla çəkildiyim səhnələrin hamısında onun əməyi var. Hər səhər çəkilişə gələndə uçmağa təkcə qanadlarım çatmırdı.

- Son günlər sosial medianı zəbt edən Afaq Bəşirqızının deputat olmaq istəyinə siz necə yanaşırsınız?

- İşin siyasi tərəfinə qarışmıram. Amma onun hər insanı düşünə biləcək qədər böyük ürəyi var. Yol yoldaşı olmuşam, görmüşəm deyə, bu fikirləri səsləndirirəm. Yoxsa yaşca böyük olmasına görə tərif demirəm. Gənclərə dəstək olduğunu, müdrik olduğunu görməyim buna əsas verir.

- Bəs, yaşlı sənətçilərdən kimləri özünüzə örnək götürmüsünüz?

- Dram cəhətdən özünə də, sənətinə də hörmət etdiyim Firəngiz Mütəllimovanı çox sevirəm. Digər tərəfdən camiənin böyüklərindən birlikdə işlədiyim az adam olub deyə, söz deməkdə çətinlik çəkirəm. Həm də məktəb keçmədiyim üçün aktrisaları izləyəndə onlardan görüb-götürmək niyyətim olmayıb. Sadəcə ümumi mənzərə kimi baxmışam. Taktikaları bilməmişəm deyə, buna nəzər yetirməmişəm.

- Teatrda oynamaq fikriniz olub?

- Teatr böyük məktəbdir. Həmişə qorxum olub ki, bacarmaram. Çünki kino və teatr bir-birindən fərqlənir. Teatrın sehri başqadır. Səhnədə insanlar sənə baxır, bunun məsuliyyəti var. Kamera isə sənə məsuliyyət yükləmir. Teatr aktyorlarına həsədlə baxıram ki, o cəsarəti özündə tapıb, insanların qarşısında sənət göstərə bilirlər. Təklif olub, amma bu barədə danışmaq istəmirəm. Alınsa, danışaram.

- Bir qism tamaşaçı isə sizi “Maşın” şoudan tanıyıb. Yenidən bu şouya qatılmaq niyyətiniz var?

- İki dəfə qatılmışam. Bir dəfə finaladək getmişəm, digərində isə yeddinci gündə oyundan çıxmışam. Zaman göstərər... Hələki heç nə deyə bilmərəm.

- Corc Bernard deyir ki, gün gələcək həkimlərin resepti bu sözlərdən ibarət olacaq: oruc tutmaq və namaz qılmaq...

- Bunu təkcə aforizm kimi yox, iddia kimi qəbul edirəm. Maraqlı iddiadır. İnsanı yaradana aparan istənilən dinə hörmətim var. Din elə bir mövzudur ki, ora toxunmaq, mübahisə etmək özü böyük bir yanlışdır. Namaz Tanrıya ibadətdən, ona şükranlıqdan əlavə, həm də insan üçün idmandır. Fikir vermisinizsə, onun hərəkətləri qan dövranını yaxşılaşdırır, oynaqların işləməyinə rəvac verir. Oruc tutmaq isə nəfslə mübarizə kimi qələmə verilir. Yaxud yemirəm yaşamaq üçün, yaşayıram yemək üçün prinsipi də ola bilər. Bu mövzuya toxunmağı sevmirəm. Çünki çoxşaxəlidir. Bəlkə də Corc Bernard hansısa sətiraltı mövzulara toxunur, yaxud insan xislətinə dair nümunə gətirir. O şaxələri açsaq, çox uzağa gedib çıxa bilərik, aqressivliyim üzə çıxar. Məndə sübut etmək, bilgiləri müqayisəyə qoymaq istəyi baş qaldıracaq və xoşagəlməz mənzərə yarana bilər. Ona görə də, bu, hər kəsin öz iradəsinə, seçiminə buraxılır. Bu barədə bir şey deyə bilmərəm...

"İLLƏRLƏ EVDƏ QARA PİŞİK SAXLAMIŞAM"

- Batil inanclarınız necə?

- Duz töküldü, qara pişik keçdi və sairə kimi fikirlər mənlik deyil. İllərlə evdə qara pişik saxlamışam. Nərdivan altından keçmə, otaqda çətir açma deyirlər kimi fikirlərə inanan insanlarla mübahisələrim düşür. Amma işarələrə inanıram. Çünki Allah insanın dualarına necə cavab verir? Özü qarşına çıxmır ki? Səsini eşitmirsən ki? Hər hansı insanı göndərir, qarşına banner çıxır, hansı ki, beynindəki sualın cavabı orada yazılıb. Televizora baxanda düşüncələrə dalırsan, filmdəki hansısa personajın sözü sənin sualına cavab olur. Ya da bu gün mənim 55 manata ehtiyacım var, axşam zəng gəlir ki, 55 manatlıq bir iş var. Bunlar Allahın insanla ünsiyyət yaratmağıdır...

Çəkilişdə göstərdiyi köməyə görə “Atmosphere Lounge & Restaurant”a təşəkkür edirik.

Pərviz Hüseyn



Xəbər lenti