Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baletinin tamaşası keçiriləcək.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, tamaşanı teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edəcəkdir.

Balet tamaşasında əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları ifa edəcəklər.

Xatırladaq ki, ilk dəfə bu balet Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulmuşdur. "Kitabi Dədə Qorqud" eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Bakıda çox böyük uğurla baş tutan premyera tamaşasından sonra balet elə həmin ildə Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində nümayiş olunmuşdu.

Cari ilin 6 fevral tarixində tamaşaçılar məhz N.Malıginanın quruluşunu izləyəcəklər.



                 

Xəbər lenti