Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 10-da Fransa, Əlcəzair və İordaniyanın ölkəmizdəki səfirləri ilə görüşüb.

Axşam.az xəbər verir ki, Fransanın səfiri Zaxari Qross, Əlcəzair Xalq Demokratik Respublikasının səfiri xanım Səlimə Abdelhaq və İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehi ilə keçirilən görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları, gələcək perspektivlər və həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev görüşlər zamanı qonaqları bu il Bakıda keçiriləcək VII Beynəlxalq Humanitar Forumda iştiraka dəvət edib. Nazir həmçinin hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıb, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, “Bakı Prosesi” artıq qlobal əhəmiyyətli platforma kimi BMT tərəfindən yüksək qiymətləndirilir, Azərbaycanın bu istiqamətdə atdığı addımlar təqdir olunur. Nazir bu mötəbər tədbirdə də adıçəkilən ölkələrin yüksək səviyyəli nümayəndələrinin iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.



                 

Xəbər lenti