Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında məşhur nasir-publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrənginin “Balaca qara balıq” mənzum nağılı səhnələşdirilir.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, uşaqlar üçün yazılmasına baxmayaraq, böyüklər üçün əngin amalları ehtiva edən “Balaca qara balığ”ın bu əzmkarlıq dolu hüznlü hekayəsi yeni quruluş və tərtibatda “Qara balığın nağılı” kimi səhnəyə daşınır.

Teatrın bu mövsüm yaradıcılıq planında yer alan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa üç aktyorun kuklalar və paralel olaraq canlı planda oyunu ilə fərqlənir.

Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.

Səhnə əsərinə məhz bütün mübarizələrin, nəticəsindən asılı olmayaraq, mübarizi qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcəklər.

Nağılçı, Kərtənkələ, Balıqudan, Naqqa və Balaca Qara Balıq obrazlarının səhnə canlanmasını kukla və canlı plan oyunlarında təqdim edəcək aktyorlar xoreoqrafik imkanlarını da nümayiş etdirəcəklər.

Qeyd edək ki, hazırda son məşqləri gedən yeni səhnə işi aprelin əvvəlində teatrsevərlərin ixtiyarına veriləcək.



                 

Xəbər lenti