Koronavirusa qarşı ictimai iaşə müəssisələrində bu tədbirlər görülməlidir

Koronavirusa qarşı ictimai iaşə müəssisələrində bu tədbirlər görülməlidir
942 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər yayıb.

Qurumdan Axşam.az-a verilən məlumata görə, həmin müəssisələrdə koronavirusla mübarizə çərçivəsində aşağıdakı tədbirlər görülməlidir:

sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq , soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması;

müəssisədə axar isti və soyuq su təchizatının təmin edilməsi;

müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi; - birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi və ya hava əlqurudanlarının işlək vəziyyətdə saxlanılması;

yetərli sayda tibbi maskaların və əlcəklərin təmini;

istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və bu tullantıların müvafiq qaydada məhv edilməsi;

işçi heyətinin qanunvericilikdə göstərilən dövrilikdə, şübhəli hallarda həmin müddətlərdən kənar plandankənar icbari tibbi müayinədən keçməsinin təmin edilməsi;

mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi.

Bundan əlavə, müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi ilə artırıla bilər.

İşçi heyəti tibbi maskalardan istifadə qaydaları (taxılması, istifadəsi, çıxarılması, atılması) ilə bağlı təlimləndirilməlidir. Eyni zamanda, işçilər şəxsi gigiyena mədəniyyəti və praktikada tətbiqi barədə məlumatlandırılmalı və bu tələblərə uyğun davranmaları tələb edilməlidir.

Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması işçi heyətinə xatırladılmalı, həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, kirli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirmə həyata keçirilməlidir.

Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir. Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməlidir.