“Başa düşürəm, yaz aylarıdır, evdə oturmaq çətinləşir”

“Başa düşürəm, yaz aylarıdır, evdə oturmaq çətinləşir”
1040 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə elan edilən karantin rejimi müddətində vətəndaşların təhlükəsizliyi məqsədilə #evdəqal kampaniyası başladılıb.

Axşam.az "525-ci qəzet"ə istinadən xəbər verir ki, kampaniyaya qoşularaq tez-tez öz sosial media hesablarından çağırış edənlərdən biri də tanınmış muğam ustası, Xalq artisti Mənsum İbrahimovdur.

- Mənsum müəllim, çox zaman konsertlərdə, qastrollarda, xarici səfərlərdə olan bir sənət adamı kimi bu günlər evdə oturmaq nə qədər asandır?

- Əlbəttə, birdən-birə belə vəziyyətə öyrəşmək çətindir. Amma bu gün bir vətəndaş kimi üzərimə düşən məsuliyyəti dərk edərək qaydalara əməl edirəm. Evdə vaxtımı ailəmlə, nəvələrimlə birlikdə keçirirəm. Bundan əlavə, kitabxanamdakı kitablardan oxuyur, musiqiyə qulaq asıram. Zərurət olmadıqda evdən çölə çıxmamağa çalışıram. Mən bütün vətəndaşları bu qaydalara əməl etməyə çağırıram. Başa düşürəm, artıq yaz aylarıdır, bayırda hava gözəldir deyə, evdə oturmaq çətinləşir. Ancaq hər nə qədər öyrəşmədiyimiz hal olsa da, bilməliyik ki, bu günlər bütün dünya çətin bir imtahandan keçir. Ona görə də, karantin qaydalarına ciddi şəkildə əməl etməliyik. Bu müddətdə xeyir işlərini, yığıncaqları təxirə salmalıyıq. Tətbiq olunan karantin rejimi biz vətəndaşların sağlamlığını təmin etmək məqsədilə atılmış addımdır.

- Bu günlər bir çox müğənnilər evdən onlayn konsertlər yayımlayır. Sizin də belə bir fikriniz varmı?

- Artıq mən də onlayn konsert proqramına qoşulmuşam. AzTV-nin Mədəniyyət kanalı və Mədəniyyət Nazirliyi birgə layihə başlayıb. Həmin layihə çərçivəsində aprelin 1-də saat 19:00-da Muğam Mərkəzində tamaşaçısız canlı konsertimiz olacaq. Aprelin 6-sı saat 17:00-da AzTV-də öz evimdən canlı konsert yayımlamağı planlaşdırmışıq. Aprelin 9-da isə internet üzərindən başqa bir onlayn konsertim yayımlanacaq. Həmçinin, İnstaqram hesabımdan tez-tez canlı yayımlarım olur və bu, yenə də davam etdiriləcək.

- Bu günlər #evdəqal kampaniyası ilə vətəndaşlara ən çox müraciət edən Xalq artisti sizsiniz. Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə də ödəmisiniz. Bu günlər vətəndaşlara daha nələri tövsiyə edərdiniz?

- Prezidentin çağırışına ilk qoşulanlardan biri də mən oldum, sosial şəbəkələrdəki hesablarımdan incəsənət xadimlərinə bu məsələyə diqqət ayırmaları üçün çağırış etdim. Söhbət birlikdən gedir. Biz bütün çətinliklərin öhdəsindən bir-birimizə dəstək olmaqla gəlməliyik. Mən fürsətdən istifadə edib tibb işçilərinə, hüquq mühafizə orqanlarına, jurnalistlərə öz təşəkkürümü bildirmək istəyirəm. Çünki onlar bu çətin günlərdə öz sağlamlıqlarını riskə ataraq cani-dildən çalışırlar.