Mədəniyyət Nazirliyi daha bir müsabiqə keçirir

Mədəniyyət Nazirliyi daha bir müsabiqə keçirir
534 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyi ölkəmizdə koronavirus (Covid-19) infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilmiş sosial təcrid şəraitində respublikada 2020-ci ilin aprel-mayında videoyazılar əsasında respublika müsabiqəsini keçirir.

Axşam.az xəbər verir ki, müsabiqə aşağıdakı nominasiyalar üzrə keçirilir:

1. Virtual təqdimat

Bu nominasiya üzrə təqdim edilən videomaterialda mədəniyyət müəssisəsinin fəaliyyəti maraqlı və məzmunlu şəkildə öz əksini tapmalıdır. Mədəniyyət müəssisəsinin təqdimatı 1 videoyazı və ya silsilə videoroliklər şəklində ola bilər.

2. Mədəniyyət məsafədən

Bu nominasiya üzrə təqdim edilən videomaterialda mədəniyyət müəssisəsində təklif olunan online xidmətlərin növləri (online ekskursiya, sərgi, konsert, tamaşa, kitabxana xidməti və s.), bu xidmətlərin təşkili nümayiş etdirilməlidir.


3. Mədəni iz

Bu nominasiya üzrə təqdim edilən videoroliklər milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunması və təbliğinə, təşəbbüs və layihələrə (evdə yaradıcılıq, ahıl mədəniyyət işçilərinə yardım, sosial dəstəyə ehtiyacı olanlara kömək və s.) yönəlik fəaliyyətləri əks etdirməlidir.
 

4. Ən yaxşı distant dərs

Bu nominasiya üzrə uşaq musiqi, incəsənət və ya rəssamlıq məktəbi müəlliminin şagirdlə internet vasitəsilə keçdiyi distant (məsafədən) dərsin videoyazısı təqdim edilməlidir. Dərsin mövzusu müvafiq sinif üzrə tədris proqramına uyğun olmalı, dərs keyfiyyətli aparılmalıdır. Distant dərs həm fərdi, həm qrup şəklində aparıla bilər
 

Müsabiqədə iştirak şərtləri:

1. Müsabiqədə iştirak üçün videomateriallar regional mədəniyyət idarəsi, mədəniyyət müəssisəsi və ayrı-ayrı şəxslər tərəfindən təqdim edilə bilər.

2. Müsabiqəyə yalnız karantin dövründə hazırlanmış videomateriallar təqdim edilə bilər.

3. Hər nominasiya üzrə təqdim olunan videomaterialların sayı 3-dən artıq olmamalıdır. Əgər hər hansı bir mövzu üzrə silsilə çəkiliş aparılmışdırsa və hazırlanmış material bir neçə videorolikdən ibarətdirsə, bu, 1 videomaterial kimi qəbul ediləcək.

4. Təqdim olunan videomateriallar texniki cəhətdən keyfiyyətli, məzmunca maraqlı olmalıdır.

5. Hər videorolikin müddəti 5 dəqiqədən çox olmamalıdır.

6. Distant dərslər üzrə videoyazıların müddəti 10-15 dəqiqə olmalıdır.

7. Videoyazılar 2020-ci il 15 may tarixinədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin elektron poçt ünvanına ([email protected]) göndərilməlidir

8. Təqdim olunmuş videomateriallar müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyənləşdiriləcəkdir.

9. Müsabiqə qalibləri üçün aşağıdakı mükafatlar təsis edilmişdir:

Mükafatlar:
Hər nominasiya üzrə

Birinci yer – I dərəcəli diplom və müvafiq hədiyyə

İkinci yer – II dərəcəli diplom və müvafiq hədiyyə

Üçüncü yer – III dərəcəli diplom və müvafiq hədiyyə

2 həvəsləndirici mükafat – xüsusi diplom və müvafiq hədiyyə