“Beşbarmaq”dan əldə olunan gəlir hara xərclənəcək?

“Beşbarmaq”dan əldə olunan gəlir hara xərclənəcək?
1306 dəfə oxunub
  • A-
  • A
  • A+

“Beşbarmaq dağı” ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu ərazini on minlərlə yerli və xarici turist ziyarət edir.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə verib.

O bildirib ki, sahə tədqiqatları ərazinin dini-mənəvi destinasiya olmaqla yanaşı həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malik olduğunu göstərir:

"Beşbarmaq dağı" təbiət abidəsinin ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc, ilk dəmir dövrünə aid yaşayış yeri, Azərbaycan xalqı tərəfindən müqəddəs bilinən Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid Karvansaray qalıqları, müdafiə səddi) mövcuddur.

Turistlər tərəfindən maraqla qarşılanan potensial turizm nümayiş obyektləri sırasında olduğunu nəzərə alaraq Beşbarmaq ətrafında abidə qoruğunun təşkil edilməsi, müasir turizm infrastrukturunun yaradılması zərurəti yaranıb.

Yaradılan yeni qoruq idarəsi və turizm infrastrukturu turist məmnunluğunu artırmaqla yanaşı yerli əhali, xüsusi ilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək. Əldə olunan gəlirlər mədəni irsin qorunmasına yönəldiləcək".

Qeyd edək ki, Prezidentin 08 iyun 2020-ci il tarixli Sərəncamına əsasən Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Sərəncama əsasən qoruğun idarə edilməsi Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə tapşırılıb.