Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər ölüb

Azərbaycanda 18 jurnalist koronavirusa yoluxub, 1 nəfər ölüb
991 dəfə oxunub
  • A-
  • A
  • A+

“Dünyada jurnalistlər arasında COVID-19-a yoluxma və ölüm sayı 2 dəfə artıb”.

Axşam.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, mayın 16-da dörd ay müddətində (fevral-may) 300-ə yaxın jurnalistin COVID-19-a yoluxduğu, 67-nin isə öldüyü açıqlanmışdı:

"O zaman dünyada pandemiya səbəbilə həyatını itirən jurnalistlərin sayı 67 nəfər idi. Virusa yoluxub ağır durum keçirən jurnalistlərin sayı isə 300-ə yaxın idi. Qısa zaman kəsiyində - 1 ay ərzində durum kəskin dəyişib. Son bir ayın neqativ göstəriciləri əvvəlki 4 ayın nəticələrindən 2 dəfə çoxdur. Beynəlxalq təşkilatların hesabatlarına görə, iyun ayının sonlarına doğru dünyada COVID-19-a yoluxub həyatını itirənlər jurnalistlərin sayı 137 nəfərə çatıb. Ümumi yoluxanların sayı isə 1 200 nəfərə yaxındır”.

M.Ələsgərli deyib ki, ölüm halları daha çox 31 ölkə üzrə qeydə alınıb:

"Yüksək rəqəmlər Latın Amerikası ölkələrində olub - 62 nəfər, Avropada 23 nəfər, Asiyada 17 nəfər, Şimali Amerika 13, Afrika 12 nəfər jurnalist həyatını itirib. Siyahıda qabarıq görünən ölkələr bunlardır: Peru (15 nəfər), Braziliya (13 nəfər), Meksika (13 nəfər), Ekvador (12 nəfər), ABŞ (12 nəfər), Rusiya (8 nəfər), Pakistan (8 nəfər), Böyük Britaniya (5 nəfər), Banqladeş (4 nəfər), Boliviya (3 nəfər), Kamerun (3 nəfər), Fransa (3 nəfər), İtaliya (3 nəfər), İspaniya (3 nəfər), Hindistandır (3 nəfər) və s.”

Müşfiq Ələsgərli qeyd edib ki, son hesabatlarda bu siyahıda artıq Azərbycanın da adı görünür:

"İlk 4 ay müddətində ölkəmizdə jurnalistlər sırasında COVID-19-a yoluxan bir nəfər belə yox idisə, bu gün durum pisləşib. İyunun sonuna olan bilgiyə görə, Azərbaycanda 18 jurnalist COVID-19-a yoluxub, bir nəfər isə həyatını itirib”.