Buraxılış imtahanlarının nəticələri açıqlandı

Buraxılış imtahanlarının nəticələri açıqlandı
1719 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət İmtahan Mərkəzi (DİM) 10 və 11 iyun 2020-ci il tarixlərində 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

Axşam.az xəbər verir ki, DİM-dən verilən məlumata görə, imtahanda iştirak edənlər DİM-in internet saytına (http://eservices.dim.gov.az/2020/netorta/?frm=egov ) olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini https://eservices.dim.gov.az/sagird/infosh.aspx linkindən öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması qaydası ilə http://dim.gov.az/…/86e/86e60cbf6784329fcc67225290254201.pdf linkində tanış ola bilərsiniz.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 20896 nəfərdən 463 nəfər imtahana gəlməyib. 10 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahan nəticəsi ləğv olunub.