Uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda

Uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
724 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi dünyanı bürüyən koronavirus pandemiyası şəraitində ölkəmizdə tətbiq edilən ciddi karantin dövründə tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinə şagird qəbulunu asanlaşdırmaq, müasir informasiya texnologiyalarının ən son nailiyyətlərini tətbiq etməklə onlayn yaradıcı məktəb ideyasını təcrübənin təhlili əsasında inkişaf etdirmək məqsədilə yeni musiqi.edu.az tədris portalını təqdim edib.

Axşam.az xəbər verir ki, musiqi.edu.az internet portalı (http://musiqi.edu.az/az/) vasitəsilə onlayn sənəd qəbulu həyata keçirmək mümkündür. Valideynlər “Qəbul” bölməsində övladı üçün evə yaxın yerləşən və onu maraqlandıran ixtisasların tədris olunduğu Bakı musiqi və incəsənət məktəblərindən birini seçərək qeydiyyatdan keçə biləcəklər. Qeydiyyat uğurla tamamlandıqdan sonra sistem şagirdə məxsus kod müəyyənləşdirir, hər bir kod sahibinə öncədən imtahanın keçiriləcəyi vaxt və yer haqqında elektron məktub və ya telefon vasitəsilə məlumat verilir.

Yaxın günlərdə portalda, həmçinin “Məktəblər” bölməsində Bakı uşaq musiqi və incəsənət məktəblərinin məlumat bazası ilə tanışolma imkanı yardılacaq, “İxtisaslar”, “Tədris vəsaitləri”, “Multimedia”, “Təkliflər və iradlar”, “Musiqi alətləri” bölmələri fəaliyyət göstərəcək. İstifadəçilər dərs vəsaitlərinin geniş bazası, musiqi alətlərinin özəllikləri və dərs cədvəlləri ilə yanaşı, məktəblərin tədris ilində əldə etdikləri uğurlara dair xəbərlər, yerli və beynəlxalq müsabiqələr haqqında məlumatlarla tanış ola biləcəklər.