Koronavirusa yoluxan Teymur Cəfərov vəfat etdi - Fotolar

Koronavirusa yoluxan Teymur Cəfərov vəfat etdi -  Fotolar
5245 dəfə oxunub
  • A-
  • A
  • A+

Koronavirusa yoluxan tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov bu gecə vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat veriblər.

Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş həkimin müalicəsi birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulmuşdu.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 3 dəfə fərqli zamanlarda ürək ətrafında olan infeksiyaların və Covid-ə bağlı əmələ gəlmiş mediastenitin mübarizəsi üçün Teymur Cəfərov əməliyyat olunub.

“Əməliyyatlar uğurlu keçsə də, əfsuslar olsun ki, superinfeksiya immun sistemini zəiflədərək septik şok vəziyyəti əmələ gətirdi. Septik şokla aparılan mübarizəyə baxmayaraq, Teymur həkimi bu gecə itirdik”.

R.Mahmudovun sözlərinə görə, T.Cəfərovun sağalması üçün tibbin bütün imkanlarından istifadə olunub:

“Bir həkim, səhiyyə eksperti kimi, birbaşa olaraq Teymur həkimin müalicə gedişatında xüsusi ilə EKMO taxılmasında requlyator rolunu oynayan insan kimi onu deyə bilərəm ki, geriyə baxdığımız zaman Azərbaycan dövləti, səhiyyəsi, ona xidmət edən həkim və orta tibb personalına qədər hər kəsin könlü rahatdır. Çünki Azərbaycan tibbi, səhiyyəçiləri Teymur Cəfərovun qarşısında olan vəzifələrini şərəflə yerinə yetirdilər. Hər nə qədər nəticədə məğlub olsaq da, onun ruhu qarşısında Azərbaycan səhiyyəsi də, Mehriban xanımın timsalında bütün hökumət üzvləri də öz vəzifə borcumuzu yerinə yetirdik. Bütün imkanlardan istifadə olundu. Texniki olaraq dünyanın ən inkişaf etmiş ölkələrində həyata keçirilən prosedurlar həyata keçirildi, ancaq təəssüf ki...”. 

Qeyd edək ki, Teymur Cəfərovun ölümü həm  həmkarlarının, həm də ictimaiyyət nümayəndələrinin dərin hüznünə səbəb olub. Onlar Teymur Cəfərovun ölümü ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edərək başsağlığı veriblər. 

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov Teymur Cəfərovun ölümü ilə bağlı dərin kədər hissi keçirdiyini ifadə edib:

“Çətin peşəsinə baxmayaraq hər zaman özünü pozitiv göstərən, ən çətin pasiyentlərlə çəkinmədən işləyən və gözəl nəticələr əldə edən insan və peşəkar - Allah sənə rəhmət etsin!”.