“Səpələnmiş ölümlər arasında” Venesiyada nümayiş olunub

“Səpələnmiş ölümlər arasında” Venesiyada nümayiş olunub
1083 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi 77-ci Venesiya Film Festivalında nümayiş olunub.

Axşam.az xəbər verir ki, kino tariximizdə ilk dəfə olaraq Venesiya festivalının əsas müsabiqə proqramında ölkəmizi təmsil edən “Səpələnmiş ölümlər arasında” filminin təqdimatı sentyabrın 11-də baş tutub.

Azərbaycan, ABŞ və Meksikanın birgə istehsalı olan filmdə Davud adlı bir gəncin məhəbbət hekayəsindən bəhs olunur. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.

Filmin ssenari müəllifləri Hilal Baydarov, Rəşad Səfər, quruluşçu operatoru Elşən Abbasov, bəstəkarı Kənan Rüstəmli, birgə istehsalçıları Carlos Reygadas, Joslyn Barnes, icraçı prodüserləri Danny Glover, Susan Rockefellerdir. Ekran əsərində Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oktay Namazov və Mürvət Əbdüləzizov çəkiliblər.

Qeyd edək ki, Hilal Baydarovun filmləri əvvəllər də bir çox festivallarda uğur qazanıb. “Xurmalar yetişən vaxt” sənədli filmi 25-ci Sarayevo Kino Festivalında “Ən yaxşı sənədli film”, “Nyon Visions du Reel” Film Festivalında “Dinlərarası mükafat”a və “Münsiflər heyətinin mükafatı”na layiq görülüb.