Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
791 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr tarixi ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir.

Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət və incəsənət xadimləri əlamətdar gün münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər. Dahi bəstəkarın məzarüstü abidəsinin önünə çələng və tər çiçək dəstləri qoyulub.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bildirib ki, bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin və onun yaxın dostu bəstəkar və dirijor Müslüm Maqomayevin 135 illiyini qeyd edilir:

“Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. O, zəngin, çoxşaxəli yaradıcılığa malik böyük sənətkar olub. Üzeyir bəy 18 sentyabr 1885-ci ildə Qarabağda dünyaya gəlib, uşaqlığı qədim Şuşa şəhərində keçib. "Qafqazın konservatoriyası" adlanan Şuşa Üzeyir bəy üçün ilk məktəb olub. Sonralar o, Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirib”.

Anar Kərimov deyib ki, milli mədəniyyətimiz köklü ənənələrinə görə Üzeyir Hacıbəyliyə minnətdardır:

“O, əsl maarifpərvər, bir sıra dəyərli elmi əsərlərin müəllifidir. Onun əsərləri bəstəkarlar üçün böyük nümunə olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O əsərlərində Şərq və Qərb musiqisinin vəhdətini yaradıb. Üzeyir bəy istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirib. Məhz onun rəhbərliyi altında Azərbaycanda əsaslı bəstəkarlıq məktəbi yaranıb. Üzeyir bəyin mirasına hörmət olaraq 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması qərara alınıb. Həmin tarixdən etibarən xalqımız bu musiqi bayramını qeyd edir. Bu, bir daha ulu öndər Heydər Əliyevin mədəniyyət xadimlərimizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərildiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi ilə birgə Azərbaycanda Üzeyir Hacıbəyli adına festival keçirir. Bu festivala dünyanın bir sıra tanınmış musiqiçiləri cəlb edilib. Təəssüflər olsun ki, bu il pandemiyaya görə biz bu festivalı keçirməyə qadir deyilik. Buna baxmayaraq, festivalı davamlı etmək üçün ötən illərin ifalarını televiziyada göstərmək qərarına gəldik”.

Anar Kərimov çıxışının sonunda Milli Musiqi Günü münasibətilə bütün musiqisevərlərə təbrik edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxışında "Üzeyir Hacıbəyli" fəxri medalının təsis edildiyini vurğulayıb.

Daha sonra Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək dahi bəstəkarın ömür və sənət yolu haqqında fikirlərini bölüşüb.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səsləndirilib. Sonda mərasim iştirakçıları Fəxri xiyabanda musiqi mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş sənətkarların məzarlarını da ziyarət edib, abidələri önünə gül dəstələri düzüblər.