DİN komendant saatı ilə bağlı detalları açıqladı

DİN komendant saatı ilə bağlı detalları açıqladı
1368 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyi komendant saatının tətbiqi ilə bağlı detalları açıqlayıb.

Axşam.az DİN-in yaydığı məlumatı təqdim edir:

"Məlum olduğu kimi, 2020-ci il sentyabr ayının 28-i saat 00:00-dan etibarən Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunmuş və bu dövrdə Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq ediləcək.

Nəzərə çatdırılır ki, komendant saatının qüvvədə olduğu müddətdə şəxslər hərbi vəziyyət rejiminin tətbiq edildiyi inzibati ərazi vahidlərində yalnız xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçib xüsusi icazə aldıqda hərəkət edə biləcəklər.

Bununla əlaqədar komendant saatının tətbiq edildiyi şəhər və rayonlarda yaşayan yaxud həmin ərazilərə giriş-çıxış edən sakinlərdən və digər şəxslərdən gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alıb komendant saatı başlayanadək səfərlərini, öz işlərini başa çatdırmaq, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşadıqları (qaldıqları) ünvanı tərk etməmək xahiş olunur.

Həmin müddətdə hərəkətinə xidməti vəsiqə əsasında icazə verilən dövlət orqanlarının əməkdaşlarının, habelə fəaliyyətinə icazə verilən sahələrin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş, habelə Daxili İşlər Nazirliyi xüsusi icazələrin verilməsi qaydasını təsdiqləmişdir (əlavə olunur).

Xidməti vəsiqə əsasında və “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkətinə icazə verilmiş şəxslərin xidməti və fərdi nəqliyyat vasitələrindən istifadə etmələrinə yol verilir".