Azərbaycan Prezidenti erməni xalqına müraciət edib

Azərbaycan Prezidenti erməni xalqına müraciət edib
2739 dəfə oxunub
  • A-
  • A
  • A+

“Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər, bu gün öz hökumətlərini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpağına göndərməsinlər. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?”.

Axşam.az xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, biz öz torpağımızda vuruşuruq, bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, yaralanır və biz öz torpağımızı azad edirik:

"Artıq dördüncü gündür, davam edən döyüşlərdə Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri, bir neçə yaşayış məntəqəsini işğalçılardan azad edib. Uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq, bu torpaqlarda öz bayrağımızı sancmışıq. Artıq bu torpaqlardan heç kim bizi çıxara bilməz”.

Prezident bəyan edib ki, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik:

“Ona görə erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, bütün binaları, tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarış soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik. Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün ki, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Şuşa şəhəri, bizim müqəddəs ocağımız azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir, biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Buna bizim haqqımız çatır. Bunu edirik və edəcəyik”.

Prezident İlham Əliyev qeyd edib ki, əgər erməni xalqı sülh şəraitində yaşamaq istəyirsə, öz hakimiyyətini məsuliyyətə cəlb etsin:

“Çünki erməni xalqının bədbəxtçiliyi ondan ibarətdir ki, uzun illər ərzində ona quldur, kriminal rejim rəhbərlik edir. O rejim ki, yalnız şəxsi maraqlarını güdmək üçün azərbaycanlılara qarşı soyqırımı törədib və bizim torpaqlarımızı işğal altında saxlayır. Mən əminəm ki, erməni xalqı mənim bu sözlərimi düzgün başa düşəcək, düzgün anlayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycan çoxmillətli dövlətdir, burada bir çox millətlər sülh, əmin-amanlıq şəraitində yaşayır. O cümlədən minlərlə erməni Azərbaycan ərazisində yaşayır. Onlara söz deyən yoxdur, onlar bizim vətəndaşımızdır. Ona görə bizim davamız haqq davasıdır, biz haqlıyıq. Tarix, beynəlxalq hüquq, ədalət nöqteyi-nəzərdən biz haqlıyıq. Azərbaycan əsgəri, zabiti öz doğma torpağı uğrunda vuruşur”.