İndi ən gözəl əsəri sən yazırsan...

İndi ən gözəl əsəri sən yazırsan...
4579 dəfə oxunub
  • A-
  • A
  • A+

Salam, Əsgər. Neçə gündü, adını mələk qoymuşam. Qorxuram ürəkdən sevinməyə, qəhrəmanlığından da cirəylə danışıram, vallah. Bilmirəm pis nəzər varmı, ya da tale intiqam alırmı arxayınlaşan adamdan, xəbərim yoxdu. İnanıram çətin günlər arxada qalıb, səninlə hamımız güclü olmuşuq. Hətta nağıllara da inanmağa başlamışam. Əjdaha 30 ildi suyun qabağın kəsibmiş, çaylar quruyubmuş, susuzluqdan cadar-cadar torpağın ciyəri yanırmış. Eşitdim, əzizim, o minbaşlı əjdahanı sən öldürmüsən, yezidlərin əlindən sən qurtarmısan torpağı, Sular qovuşub sayəndə...

Mən elə bilirdim, biz illərdir ki, «Qarabağın qara bəxti» deyib durduqca günəş də şüaların əsirgəyib o yerlərdən. Nədisə zil-zülmət qaranlıq gəlirdi gözümün önünə. Biz düşüncələrimizi matəmə bürüdükcə təbiət də yaşılını alıb getməliydi oralardan... Amma günəş də, təbiət də bizə yox, sənə bənzəyirmiş...

Nə gözəlmiş yurdum, aman Allah! İndi başa düşürəm... Qarabağlıların dünyanın hər yerində təbiətə arxa çevirməyinin, yazın yaşılını, payızın qızılını bəyənməmələrinin səbəbini indi anlayıram. Bütün rənglərin ən gözəli, suların ən safı, dağların ən vüqarlısı, çiçəklərin məst edən qoxusu orda qalıbmış - Qarabağda... O da bir ömür tikanlar arasında, məftillər içində, bumbuz betona bürünübmüş, qədirbilməzlər, riakarlar, yalançıların ayağı altında imiş... «Bir ömür» - deməyimdən qəzəblənmə, nə olar! Mənim ömrüm belə başladı... Gözümü açandan Qarabağ sözü dərdli-dərdli çatdı qulağıma... 5-6 yaşımdan anamın göz yaşları ilə böyüdüm. Paytaxtın mərkəzində yaşayan adamların bizdən yüz-yüz kilometr uzaqda baş verənlərə görə niyə belə göz yaşı tökməsini anlamırdım. O zaman – nənəmin şəhid fotolarına baxıb – anan ölsün ay bala – deməyini də heç başa düşmürdüm. Sonra anladım, əzizim, sonra. Böyüdüm və anladım ki, kilometrlərlə aralıda vurulan, əzilən, incidilən, aşağılanan adam mənim imiş... Düşmənin məngirlədiyi torpağın hər qarışı bizim imiş, qanımızla suvarılan yurd imiş... Oğlumun ayağına dəyən daşı köksümdə qum etməyə  hazır olanda da başa düşdüm ki, şəhidin anası niyə ölməli imiş... Hə, yaşa dolduqca Qarabağı necə itirməyimizin simgələri də çoxaldı yaddaşımda... Bir film kadrı, ya da ən əziz adamlarımın bircə kəlməsi ilə konspektləşdi o ağrı. Mən heç vaxt olmamışam Qarabağda. Amma özümü dərk edəndən – «işğal», «itki», «düşərgə», «şəhid», «qaçqın», «soyqrım», «tapdaq», «əsir», «çadır», «düşmən» sözləri əzbərimə çevrildi... Amma gündəliyimin ilk səhifəsindəki tarixləri heç cür əzbərləyə bilmədim. Yaddaşım götürmədi o rəqəmləri. Çünki ən əziz adamlarımın əzabı ilə, göz yaşları ilə bağlıydı o günlər... Böyüklərimin ürəyinə çat düşdü, gözləri duman gördü, qanı tərsinə işlədi, qolu qurudu, dili tutuldu – «Şuşa itirilmişdir» – xəbəri ilə... Mənsə bunları böyüyə-böyüyə anladım. Sinif əlaçısı olmaq, ya da ədəbiyyat bilicisi kimi böyümək, ən gözəl filmlərin kolleksiyasını toplamaq adiləşdi, mənasızlaşdı Qarabağ adı gələndə. Çünki Qarabağ haqda bütün filmlər yalan üzərində qurulanda, ya da hansısa öləziyən ümiddən danışanda «Belə müharibə filmi olmaz axı» - deyib üsyan da edə bilmədim. Qarabağdan bəhs edən əsərlərin müəlliflərinin də üzünə vurmadım zəifliyi – «bu nə sonluqdu» - demədim... Hə, bütün müharibə əsərlərini, bütün döyüş filmlərini mənasız etdi Qarabağ. Gecənin ortasında özümü bol-bol söydüm də ara-sıra... Kimə lazımdı sənin gerçək sənət meyarların? Başqa millətlərin soyqrımı haqda filmlərə baxıb göz yaşı tökəndə də zəhləm getdi özümdən. Çünki ağlım kəsməyə başlayanda öz millətimin faciəsini öyrənməkdən qorxdum, Xocalını düşünməmək üçün Holokosta ağladım ürəkdən...

Bağışla belə çətin vaxtda zəifliyimdən danışıram. Amma istəyirəm biləsən, indi ən gözəl əsəri sən yazırsan, ən dahiyanə filmin müəllifi sənsən. Çünki sonluq yaratmaq üçün qələm-silah sənin əlindədir. Qarış-qarış azad etdiyin yurdumun hər daşına, hər qayasına, hər ağacına, hər koluna, hər otuna diqqətlə, qürurla bax, əzizim. Bunlar hamısı sənin əsərindir! Zaman gələcək biz hamımız dərsini pis bilən şagird kimi səndən köçürəcəyik tarixin cavablarını və əla qiymət alanda öz uğurumuz bilib sevinəcəyik də... Olsun, əzizim, olsun! Təki sən dayanma! Təki sən yalnız irəli get...

Ürəyim partlayar deməsəm. İncimə, qoy deyim! Mən onların öldürdüyü, yetim qoyduğu uşaqların şəkillərini gizlədirəm oğlumdan. Axı dünyanın bütün uşaqları qohumdular. Oğlum qohumlarını qoruya bilməməyimi bağışlamaz mənə... Zəhraya, Nilaya, Mədinəyə görə əzab çəkər... Ona görə qoy bilməsin. Hər gün – «azad oldu», «bizimdir», «xilas oldu», «bizdədir», «Azərbaycandır» sözlərini eşitsin qulaqları...

Söz verirəm, oğluma azad etdiyin hər təpənin, hər kəndin, hər şəhərin adını sonacan əzbərlətdirəcəm!

Bilirəm, indi elə yerdəsən ki, söz acizdi! Heç nə eşitmək istəmirsən... Gözünün önündə yaralanan dostuna görə ağlamağa da macalın yoxdu, bilirəm! İndi qisas zamanıdı... Amma yenə də səninlə danışmaq, uşaqlığımın dərdlərini bölüşmək istədim. Və elə bu məqamda  gözümü üzünə zilləyib soruşuram – Olarmı, oğlum başqa cür böyüsün?

Pərvin