"Onunla sevgi münasibəti ola bilməz" - Zamiq

"Onunla sevgi münasibəti ola bilməz" - Zamiq
5489 dəfə oxunub
  • A-
  • A
  • A+

Qızların sevimlisi, gənc müğənni, son vaxtlar teleaparıcı Nanə Ağamalıyeva ilə nişanlanması barədə yazılan xəbərlərlə gündəmi qaynadan müğənni Zamiq Hüseynov sentyabrın 18-i “Yaşıl” teatrda “Bu şəhəri çox sevirəm” adlı ikinci solo konsertini verməyə hazırlaşır. Biz də müğənni ilə  konsert məşqləri zamanı görüşdük.

Beləliklə, Zamiqin "Qafqazinfo"ya müsahibəsini təqdim edirik:

- Zamiqin konsertində digərlərindən fərqli nə olacaq?

- Mənim konsertimdə maraqlı şou rəqslər, sürprizlər, hədiyyələr olacaq. Yeni karaoke diskimi təqdim edəcəm. Konsert boyu mahnıları yalnız canlı oxuyacam. Peşəkar musiqiçilərlə işləyirəm. Başqa ölkədən rəqqasə qızlar gətirəcəm, artıq danışmışıq. Deyə bilmərəm qeyri-adi olacaq, hamı özünə görə çıxış edir, konsert hazırlayır. Hərənin özünə görə performansı var, öz bacarığına görə tamaşaçısını ələ alır.

- Bu, ikinci konsertindir. İlk konsertdən bu günə kimi nə dəyişib?

- Artıq özümə daha çox güvənirəm, insanlara qarşı daha açığam, səhnədə daha sərbəstəm, tamaşaçını ələ almağı bacarıram. İndi təcrübəm çoxalıb, öz üzərimdə daha çox işləmişəm. İlk konsertimdə minuslardan istifadə olunmuşdu. Bu konsertdə yalnız canlı ifa edəcəm.

- Musiqiçilərlə söhbət zamanı qeyd etdiniz ki, bilet satışı ilə maraqlanmırsan. Sizə konsertə gələcək insanların sayı maraqlı deyil?

- Bəli, maraqlanmıram. Bilet satışı ilə prodüserim maraqlanır. İstəyirəm bütün biletlər satılsın, iki minlik zal dolsun, insanlar məni həvəslə izləsin, mən də coşub oxuyum, rəqs edim, onları əyləndirim (Gülür). Lakin beş nəfər də, yüz nəfər də, min nəfər də gəlsə, mən eyni həvəslə ifa edəcəm, mənə dəyər verən insanlarla maraqlı gün keçirəcəm. Mən oxumaqdan zövq alıram.

- Zamiqi efirlərdə gec-gec görürük. Səbəb?

- Mənə elə gəlir ki, efirə çox çıxmaq olmaz. Efirdə tez-tez görünəndə özümə baxmaqdan bezirəm. İnsan nə qədər efirdə görünər? Tamaşaçını bezdirmək olmaz. Əgər mən özümü görməkdən bezirəmsə, deməli, tamaşaçı da məndən bezir. Müğənni hər mövzuda çıxıb danışmamalıdır. Bəzi müğənnilər siyasi, sosial, məişət, hər mövzuda çıxıb danışır. Bu, düzgün deyil. Siyasətdən siyasətçi, sosial mövzulardan sosioloqlar, məişət problemlərindən psixoloqlar və bu işdən anlayışı olan insanlar danışsa, daha yaxşı olar. Məni musiqili verilişlərə çağırsınlar, musiqidən, sənətdən danışıb, istedadımı, yeni işlərimi təqdim edim. Efirdə az görünüb, çox iş görəndə özümdən xoşum gəlir.

- Bu bir gerçəkdir ki, müğənnilər albom satışından gəlir əldə etmir. Bu barədə nə deyə bilərsən?

- Bəli, albom satışından gəlir əldə etmirik. İndi mahnıları internetdən, müxtəlif saytlardan götürürlər. Xaricdə müəllif hüquqları qorunur. Hər hansı bir sayt müğənninin mahnısını yerləşdirirsə, ona müəyyən məbləğ ödəyir. Biz də əziyyət çəkirik, mahnı alırıq, yazdırırıq, aranjeman etdiririk, günlərimizi həftələrimizi sərf edirik. Müəllif hüquqlarımız qorunsa, daha yaxşı olar. Biz də razı qalarıq.

- Qalmaqallardan uzaq gəzən müğənnillərdənsən. Qalmaqal yaradıb, gündə efirə çıxan müğənnilərə münasibətin?

- Müğənninin peşəsi oxumaqdı. Gərək hərə öz işini yaxşı təmsil etsin, vətənimizə, torpağımıza, xalqımıza xeyirli vətəndaş olsun. Mən niyə qalmaqal yaratmalı, başqasını müzakirə etməliyəm? Azərbaycan xalqı çox istedadlı xalqdı. Burada doğulub istedadlı olmamaq günahdı. Hər bir sahədə peşəkar, istedadlı insanlarımız var. Mən fəxr edirəm ki, azərbaycanlıyam və hər bir vətəndaşımıza dəstəyəm. Biz bir-birimizə dəstək olmalıyıq, eyiblərimizi, səhvlərimizi ört-basdır etməliyik ki, bizi istəməyən ölkələr bunu görməsin.

- Gənc kişi müğənnilərin xanım pərəstişkarları çox olur. Sevgi təklifləri alırsan?

- (Gülür). Əlbəttə alıram. Bu normaldı. Və bu sevgidən bezmirəm. Əgər müğənni kimi məni sevirlərsə, dəyər verirlərsə, deməli, mən bu sənətdə sözümü deməyi bacarmışam. Sevgi etiraf edənlər də çox olur. Onları mədəni sürətdə başa salıb, özümdən uzaqlaşdırıram.

- Bəs Zamiqi tamaşaçıya sevdirən, populyarlaşdıran  nədir? İfası, yoxsa xarici görünüşü?

- İstəyirəm məni sənətimə, gördüyüm işlərə görə sevsinlər. Daim sənətimin üzərində çalışıram, axtarışdayam, əlimdən gələni edirəm. Sənət adamı görünüşünə, saçına, geyiminə fikir verməlidir. Bu tamaşaçıya hörmətdir. əgər mən tamaşaçı qarşısına çıxıramsa, səliqəli, baxımlı görünməliyəm. Düşünürəm ki, məni mahnılarıma görə sevirlər.

- Xeyriyyə tədbirlərində iştirak edirsən?

- Hər il Heydər Əliyev Fondunun təşəbbüsü ilə kimsəsiz uşaqlar üçün konsert keçirilir. Orada iştirak edirəm. Uşaqlarla səhnələr qururuq, biz uşaq, uşaqlar müğənni olur. Maraqlı keçir. Orada Murad adlı uşaqla tanış oldum. “Facebook”da dostluğumda da var,  balaca istedadlı uşaqdır. O, mənimlə bir səhnəni bölüşmüşdü, çox bəyənmişdim. İndi onunla dostluq edirəm.

- Stilist Samir Əliyev sizi zövqlə geyinən müğənnilər sırasında sıraladı. Geyim seçərkən nələrə fikir verirsən? Brend geyimlərə üstünlük verən müğənnilərdənsən?

- Mənim üçün geyimin brend olub-olmaması vacib deyil. 100 manatlıq köynək də ala bilərəm, 10 manatlıqda. Əsas odur mənə yaraşsın, rəngimə düşsün və cibimə uyğun olsun. Təbii ki, brend paltarlarda alıb geyinirəm, bu paltarlara maraq  məndə xəstəlik dərəcəsində deyil. Mən sadə geyimləri geyinib brendləşdirirəm.

- İndi isə keçək şəxsi həyatına. Teleaparıcı Nanə ilə haqqınızda  tez-tez nişanlanma xəbərləri çıxır və hər ikiniz bunu inkar edirsiniz.  Sizcə, bu xəbərlər nədən qaynaqlanır?

- Bunlar boş söhbətdi. Biz iki yaxın dostuq. Bu xəbərlər necə yaranır bilmirəm. Bizim möhkəm dostluğumuz var. Bizim aramızda sevgi münasibəti ola bilməz. Bir dəfəlik hamı bilsin ki, bizi dostluqdan artıq heç nə bağlamır.

- Nanə xanım dedi, ikiniz tamaşaçılar üçün sürpriz hazırlayacaqsınız. Bu sürpriz nədən ibarətdi?

- Bəli, tamaşaçılara sürpriz hazırlayacağıq. Bu yalnız işlə bağlı olacaq. Sürpriz həyatımızla bağlı deyil. Birlikdə duet oxuyacağıq, yeni mahnı yazdıracağıq. Düşünürəm ki, bizim iş birliyimiz tamaşaçı üçün də maraqlı olacaq.

- Evlənmək haqqında necə düşünürsən?

- Hələ evlənmək haqqında düşünmürəm. Yalnız sənətimlə məşğulam. Yeni mahnılar, kliplər, konsertlər  hazırlayacam. Tamaşaçıya sənətdə bütün gücümü göstərəndən sonra ailə qurmaq haqqında düşünəcəm.

- Artıq müğənnilər sosial şəbəkələrdə yeni işlərini təqdim edir, məlumatlar yayır, müəyyən hadisələrə münasibət bildirir, pərəstişkarları ilə əlaqələr qurur. Sosial şəbəkələrdən sıx istifadə edirsən?

- Sosial şəbəkələrdən çox istifadə etmirəm, vaxtım olmur. Əsasən “İnstagram” səhifəmdə oluram, şəkil paylaşıram, digər şəbəkələrdə çox az istifadə edirəm.

- Haqqında təhqir, tənqid oxuyanda, eşidəndə nələr hiss edirsən?

- Mən nə özüm, nə də digər müğənnilər haqqında yazılanları oxumuram. Mənim üçün əhəmiyyətli deyil. Kiminsə həyatı, gördüyü işlər, qalmaqallar məni niyə maraqlandırmalıdı? Bu gün bu müsahibəni sizə verirəm, nə danışdığımı, nələrdən bəhs etdiyim özümə məlumdu. Haqqımda xoşagəlməz yazılar olanda zəng vurub deyirlər və daha o jurnalistlərə müsahibə vermirəm. Adı insanların yazdıqları təhqir, tənqidlərlə fikir vermirəm. Mən hamı üçün özəl ola bilmərəm, hamı məni sevmir, məndən zəhləsi gedən insanlar da çoxdur.