"Nəvələrim də mənə Minayə xanım deyir" - Əməkdar artist

"Nəvələrim də mənə Minayə xanım deyir" - Əməkdar artist
2929 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Hicran Nəsirova Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Hicran xanım, "Vicdan haqqı" serialının çəkilişləri artıq bitib. 3 mövsüm davam edən serialın son çəkilişlərini necə xatırlayırsınız?

- Bəli, bildiyinizə görə serial artıq bu il yekunlaşır. Kimin səhnəsi yekunlaşırdısa ağlayırdı. Çünki hamı bir-birinə öyrəşmişdi. "Vicdan haqqı" artıq bir ailə idi.

- Siz televiziya və teatr tamaşalarında çəkilmisiz. Çəkildiyiniz bu ekran işləri ilə yaşlı nəslin hörmətini qazanmısız. "Vicdan haqqı" serialı isə sizi daha çox gənc nəslə tanıtdırıb, sevdirdi. Bu fikrimlə razısınız?

- Bəli, tamamilə razıyam. Böyükdən balacaya hamı bu seriala baxırdı. Şəhərə çıxa bilmirdim. Artıq nəvələrim də mənə Minayə xanım deyirdi (gülür). Çəkildiyim hər ekran işi müxtəlif dövrlərdə səs salıb. Bugünkü gündə də "Vicdan haqqı" serialı ilə sevildim. Allahımdan çox razıyam.

- Sizin vaxtınızdakı yumor, komediya daha mənalı idi. Bəs maraqlıdır, Hicran xanım bugünkü komediyalardan razıdır?

- Bayağı güldürənlər çoxdur.

- Bu, sizi narahat edir?

- Əlbəttə, ucuz yumor məni narahat edir. Efirlərimiz doludur ucuz yumorla.

- Məşhur olan və çox qazanan aktyorlar çox təəssüflər olsun ki, komediya aktyorlarıdır...

- 40 ildən çoxdur ki, bu sənətdəyəm, amma elə suallar var ki, onlara cavab verə bilmirəm.

- Sizin danışmağa haqqınız digər sənətçilərdən daha çoxdur...

- Mən heç vaxt sevmirəm deyim ki, mən "yaratdım". Hər aktyorun həyatında bir rol olur ki, o rol ilə yadda qalır. Şükürlər olsun  ki, məndə bir neçə dənə belə rol olub. Hərdən özümə təsəlli verirəm ki, xalq mənə qiymət verir. Tamaşaçı əgər səhnədə olanda sənə əl çalırsa, bu, artıq sənin qiymətindir.

- Sizcə, bütün sənətçilər tamaşaçıları qane edir?

- Əlbəttə ki, yox. Aktyor var ki, 3 saat səhnədə olur, tamaşaçı əl çalmır, çıxıb gedir. Aktyor, aktrisalar var ki, göbələk kimi rollarının sayı artır. Onlar oynamırlar, sadəcə, verilən rollara "quş" qoyurlar. Çox təəssüflər olsun ki, teatr hazırda o vəziyyətdədir. Mənim heç kimin rolunda gözüm yoxdur, mən paxıl da deyiləm. Sadəcə olaraq, vəziyyət belədir.

- Paxıl olmadığınıza görə peşmansınız?

- Mən heç vaxt özüm üçün çalışmamışam. Teatrda elə şeylər olurdu ki, mənə qarşı haqsızlıq edirdilər. Fikirləşirdim ki, əgər mən gedib rəhbərliyə desəydim, o insanın adını da deməliydim. Yaxud da görürsən ki, ən yaxın sənət dostun ayağının altını qazır. İçimdə çəkirdim dərdimi.

- Bütün bunlardan nəticə çıxarmısınız?

- Bəli, indi artıq bərkimişəm. Bəlkə də yaş öz sözünü deyir. O vaxt əgər çəkinib sözümü deyə bilmirdimsə, indi gözünün içinə deyirəm. O vaxt çəkinib otağımda ağlayırdımsa, indi ağlamıram.