Türkiyə vətəndaşına ərə gedən Cəmilə vətənə qayıtdı

Türkiyə vətəndaşına ərə gedən Cəmilə vətənə qayıtdı
13061 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən ilin sentyabrında Türkiyə vətəndaşı Murad Temizlə ailə quran aktrisa Cəmilə Tağızadə Milli.az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Cəmilə, Bakıya xoş gəlmisiniz. Gəlişinizin səbəbi nədir?

- Bakı üçün, vətənim üçün darıxıb gəldim. İnsan qürbətdə olanda vətəni daha da çox sevir. Düzdü, qardaş ölkədəyik, amma ən əsas da ailəm üçün, anam üçün darıxmışdım. Çünki sonuncu dəfə onu qış ayında görmüşdüm.

- Hal-hazırda Türkiyədə hansı işlərlə məşğulsunuz?

- Hələ ki, evdar xanımam (gülür). Amma sənətə qayıtmaq fikrindəyəm. Mütləq sənətimi qardaş ölkədə davam etdirəcəyəm. Bu, mənim ən böyük arzumdur. Bu arzumu öz ölkəmdə reallaşdırmışamsa, orada da həyata keçirəcəyəm.

- Azərbaycanda kifayət qədər tanındınız, çəkildiniz...

- Bu məşhurluq yenidən geri qayıdacaq (gülür). Sadəcə olaraq, mən türk dilində o qədər də yaxşı danışa bilmədiyim üçün orada gələn təklifləri dəyərləndirə bilmirəm. Mənə radio aparıcısı kimi dəvət gəlmişdi, şivəm olduğu üçün qəbul edə bilmədim.

- Sənətsiz darıxmırsınız?

- Çox darıxıram, hədsiz dərəcədə. Buna görə hətta mən neçə ay depressiyaya düşmüşdüm. Evlilikdən sonra problemlər yaşandı və sənət üçün daha da çox darıxdım. Ən azı 6 ay mən bütün günü ağlayırdım.

- Evlilikdən sonra özünüz də qeyd etdiyiniz kimi böyük problemlərlə üzləşdiniz. Hal-hazırda ailənizdə vəziyyət necədir?

- Hər ailədə özünəməxsus problemlər olur, bizdə də bu cür oldu. Həyat yoldaşımın keçmiş arvadı ilə bir az problem yaşadıq. Hələ ki, bir-birimizi məhkəməyə veririk. Sentyabr ayında yoldaşımın da, mənim də məhkəməm var. İnşallah ki, bütün problemlər bitər.

- Bu qədər problemlərin içində ailə həyatı qurmağınızla bağlı peşmanlıq yaşadınız?

- İnsan çox "kaşki"lər deyir. Çünki həyatdır, heç kim bilmir ki, başına nə gələcək. Həyat yoldaşım mənə bu cür həyat vəd etməmişdi, özü də bilmirdi ki, belə bir şey ola bilər. Onlar 4 il idi ki, boşanmışdılar. Mən Muradı özüm seçmişəm, heç kim bizi məcbur evləndirməyib. Əgər mənim Murada qarşı sevgim olmasaydı, bir gün də olsun problemlərə dözməzdim, çıxıb gedərdim. Məni orada saxlayan ona, ailəsinə qarşı olan sevgimdir.

- Türkiyədə gününüz necə keçir?

- Mənim öz qrafikim var, idmanla, rəqslə məşğul oluram. Bundan əlavə kitab oxuyuram, film izləyirəm.

- Ailə büdcəniz necədir?

- Həyat yoldaşım həkimdir, saç əkimi ilə məşğuldur. Orta səviyyədə yaşayırıq. Baldızımgilin evində qalırıq. Öz ailəmdə gördüyüm mehribanlığı onlarda da görüb tez isinişdim. Allah hamıya bu cür ailə versin.

- Ailə probleminiz olanda ayrılmağınızı gözləyən insanlar oldu?

- Həm də necə! Hara gedirdimsə, deyirdilər ki, "Aaa, boşanmamısan hələ?" Rəfiqələrimdən soruşurdular ki, "Cəmilə hələ boşanmayıb?" Mən heç kimin ayrılmağını istəməyən bir insanam, görəsən, onlar mənim niyə boşanmağımı istəyirdilər? Sanki bir çox insanlar mənim evlənməyimi həzm edə bilmir. Mənim axı heç kimə pisliyim dəyməyib. Heç kimin ailəsini dağıtmamışam, heç kimin ərini əlindən almamışam.

- Sosial şəbəkədə aktrisa həmkarınız haqda kəskin bir paylaşımınız diqqətimi çəkdi. Hansı səbəb sizi özündən çıxarmışdı?

- Mən 10 ildir ki, bu sənətdəyəm, sıfırdan başlamışam. Məni heç kim heç yerə tapşırmayıb, arxam, dayağım, "daydayım" olmayıb. Kimlərsə gəlib hansısa yolla aktrisa olanda, bizi də onların içinə daxil edirlər. Axı bu, belə deyil. Mən bu illər ərzində öz adımı qorumuşam, həmçinin də mənim kimi digər aktrisalar. Onların nə milyonluq yaşayışı var, nə evi, nə də villaları. Çünki hamı bilir ki, aktrisalıqdan gələn pulla bu yaşayışı heç kim yaşaya bilməz. Kiminsə kənardan gələn biznesi ola bilər, bu, başqa bir şeydir. Sonra da deyirlər ki, "əşşi aktrisadır da, hamısı eynidir". Mən də buna görə od püskürmüşdüm.