Hacı Xanməmmədovun xatirəsi anılıb

Hacı Xanməmmədovun xatirəsi anılıb
198 dəfə oxunub
  • A-
  • A
  • A+

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında unudulmaz bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Axşam.az xəbər verir ki, Filarmoniyanın və “Mədəniyyət” kanalının birgə təşəbbüsü ilə reallaşan tədbirdə sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışılıb, sənət fəaliyyəti haqqında məlumat verilib.

Bildirilib ki, 1918-ci ildə Dərbənddə dünyaya göz açan Hacı Xanməmmədov 1952-ci ildə Qara Qarayevin bəstəkarlıq sinfini bitirib. Onun diplom işi tar və orkestr üçün konsert olub. Tar konserti bəstəkarın yaradıcılığında əsas xətti təşkil edib və o, ömür boyu beş tar konserti yazıb. Bu konsertlərin hər biri tanınmış ifaçılarımız tərəfindən sevilə-sevilə ifa olunub. Onun yaradıcılığının əsas hissəsini xalq çalğı alətləri üçün əsərlər təşkil edib. H.Xanməmmədovun yaradıcılıq tapıntıları onun “Azərbaycan eskizləri” süitasında və “Simfoniyetta”da əks olunub.

Vurğulanıb ki, H.Xanməmmədovun 100-dən çox mahnısı tanınmış müğənnilərimizin repertuarında tez-tez yer alır. Bu mahnıların mətnini görkəmli şairlərin şeirləri təşkil edir. Xüsusilə, bəstəkarın lirik mahnıları xalqımız arasında geniş yayılıb. Bu baxımdan “Yaşa könül”, “Arzuya bax, sevgilim”, “Yadıma düşdü”, “Gözünə qurban”, “Güllü”, “Ceyran”, “Getmə, amandır”, “Oxu, sevgilim” və s. gözəl örnəklərdir.

Onun peşəkar musiqi kadrlarının tərbiyəsində mühüm xidməti olub. O, qırx ildən artıq bir dövrdə Bakı Musiqi Texnikumunda dərs deyib, 1957-ci ildən isə indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıb. O, “Xalq çalğı alətləri” kafedrasının dirijorluq üzrə professoru, son illərdə isə “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedrasının məsləhətçisi idi.

Diqqətə çatdırılıb ki, H.Xanməmmədov müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri kimi məsul vəzifələrdə çalışaraq bəstəkar və ictimai xadim kimi çox faydalı işlər görüb. Bu fədakar sənətkarın xidmətləri layiqincə qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi, Xalq artisti fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülüb.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Gecədə Xalq artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib. Konsert çərçivəsində bəstəkarın dillər əzbəri olan mahnıları səslənib.