"Ölkə başçısının çıxışlarını izlədikcə içimdə inam daha da böyüyür. Bilirəm ki, biz Qarabağı düşməndən azad edəcəyik. Yaxın günlərdə Xocalının azad olunması xəbərini eşitmək istəyirəm. Əslən Şuşadanam, amma məni ən çox Xocalı həyəcanlandıracaq. Bilirəm, onsuz Şuşa da azad ediləcək".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Xuraman Şuşalı deyib. Şuşada anadan olan sənətçi xatirələrini bölüşüb:

"Oradan çıxanda 8 yaşım var idi. Şuşadan ən sonuncu çıxanlardan olmuşam. Hər şey indiki kimi yadımdadır. Evin balacası idim, məni bütün günü gəzdirirdilər. Şuşada elə bir yer yoxdur ki, orada olmayım. Atam istirahət mərkəzində işləyirdi, günümüz istirahətdə keçirdi.

Arzum Şuşada yaşamaqdır. Allah mənə bunu qismət etsin. Yoldaşımın işi Bakıdadır, amma köçəcəm Şuşaya. Bakıya ancaq toy olanda gəlib qayıdacam".

Xuraman Şuşadakı evlərindən danışıb: 

"Uşaq olanda yuxuda evimizi gördüm, dağıtmışdılar. Ağlaya-ağlaya oyandım, anama danışdım. Anam da deyirdi ki, təki qayıdaq, yenə tikəcəyik. Bu günləri görmək ona qismət olmadı. Amma anam evimizin, həyətimizin açarlarını saxlayırdı.

Sonra "Youtube"da bir videoda evimizi gördüm. Ermənilər doğrudan dağıdıb, yerində istirahət mərkəzi salıblar. Bizim evimiz çox gözəl bulağın üstündə idi. İndi düşmən həmin bulağı öz tarixi abidələri kimi təqdim edir. Qayıdım, orada özüm ev tikdirəcəm".



                 

Xəbər lenti