"Xoşbəxtlik hormonlarım vulkan kimi püskürür" - Aynişan

"Xoşbəxtlik hormonlarım vulkan kimi püskürür" -  Aynişan
26527 dəfə oxunub
  • A-
  • A
  • A+

“Solğun çiçəklər” serialı ilə ekranlara gələn Aynişan Quliyevanın Axşam.az-a müsahibəsini təqdim edirik:

– “O səs Türkiyə”dən qayıdandan sonra faəliyyətinizdə durğunluq yarandı...

– Durğunluq deməzdim, sadəcə, istəyim yoxdur. Yəni, bu, əlimdə olan bir şeydir. Mənim heç vaxt müğənnilik fəaliyyətim olmayıb. yarışmalara qatılmaq istəmişəm, etmişəm. Uğursuzluqlarım və uğurlarım olub. Adamın bir yaş həddi var ki, dəyişir. Uşaqlıqdan nə qədər çox istəyirdimsə, müğənni olum, bu gün evdə öz-özümə züm-zümə belə etmirəm.

"MƏNƏ "MÜĞƏNNİ" DEYİLMƏSİNİ İSTƏMİRƏM"

– Sizi müğənnilikdən soyudan nəsə olub?

– Bəlkə də olub. Hər bir şey bir nəticəyə gəlib çıxır. Ürəyim istəmir, bu sənət də elədir ki, sevgi ilə olmalıdır. Bəlkə, 10 il sonra istəyəcəm, o zaman yenidən oxuyacam. Mənim elə bir kompleksim də yoxdur ki, ay mən getmişdim, indi gəldim. Oxumaq istəsəm, bunu edəcəm. Özüm üçün oxuyacam, “Youtube”a qoyacam, ürəyim nə istəsə, edəcəm. Kimsə mənə “müğənni” deyəndə, düşünürəm ki, bu, onlara haqsızlıqdır. Heç bir fəaliyyətim yoxdur. Onlar daim çalışır, mən isə heç nə etmirəm. Mənə “müğənni” deyilməsini istəmirəm.


"XOŞBƏXTLİYİMİ MADDİYATA BAĞLAMIRAM"

– Bu yaxınlarda 28 yaşınıza qədəm qoydunuz... Özünüzə nə arzu edirsiniz?

– Həmişə xoşbəxt olmağı arzu etmişəm, çünki onun içində hər şey var. Bu il də eyni şeyi arzu edirəm. İndiyədək nə arzu etmişəmsə, çin olub. Əldə etmədiklərim üçün isə Allaha təşəkkür edirəm. Yaxşı ki, olmayıb. Deməli, lazım deyilmiş.

– Sizi nələr xoşbəxt edir?

– Özümü heç nədən asılı etməyən bir insanam. Fərqli şeylərdən xoşbəxt oluram. Səhər oyanıram, günəş üzümə şəfəq saçırsa, xoşbəxtəm. Dəniz kənarında qulağımda sevdiyim mahnılar, əlimdə qəhvə gəzirəm. Həmin an xoşbəxtlik hormonlarım vulkan kimi püskürür. Ekstra bir şeyə ehtiyacım yoxdur. Yemək yemək də məni xoşbəxt edir. Xoşbəxtliyimi heç kəsə, heç nəyə, madiyyata bağlamıram. Beynimin gəlib çatdığı bir nöqtə var ki, təkliyimlə belə hər şeyə şükran duyuram.

– Həm vloq çəkirsiniz, həm də butik işlədirsiniz...

– Hələ ki onlayn satış edirəm. İstəyirəm ki, işimi ciddiləşdirim. Etsəm, “showroom” kimi, bir məkan açacam. Çünki bazar olmasını istəmirəm. Düzü, bunu gələcək göstərəcək.

"YAXŞI Kİ, ANAMLA XASİYYƏTİMİZ BİR DEYİL"

– Ananız, əməkdar artist Aybəniz Haşımova tez-tez hüznlü statuslarla gündəmə gəlir. Onun həssaslığı sizə də keçib?

– Anam çox həssasdır. Yaxşı ki, onunla xasiyyətimiz bir deyil. İnsanlara çox dəyər verəndir, ürəyiaçıqdır. Bu barədə ona bənzəmişəm. Mən də insanlara kömək etməyi sevirəm. Amma hər kəsə etmirəm. İnsanları xoşbəxt edirəmsə, buna sevinirəm. İnsanlara fərqli yanaşma olanda, anam pis olur, o dəqiqə də status yazır.

– Aybəniz Haşımova sizə qadağalar qoyur?

– Yeniyetməlik dövründə anam üstümdə çox ciddi idi. Çox enerjili qız olmamışam, sadəcə, fərqli düşünürdüm. Yaxşı ki, anam üstümdə ciddi durub. İndi biz onunla dost kimiyik, bir-birimizi dinləyir, dərdləşirik, məsləhətləşirik.

– Şou-biznesdə rəfiqəlik etdiyiniz xanımlar var?

– Bəli, Günel Hümbətova var. Amma onunla da şou-biznesdə tanış olmamışıq. Eyni məktəbdə oxumuşuq, daha sonra Günay İbrahimli, Günel və mən universitetdə eyni qrupda oxumuşuq. Günel bu sənətlə ciddi məşğul olsa da, hazırda mənim kimi uzaqlaşıb.

Pərviz HÜSEYN