Anar Kərimov mədəniyyət xadimləri ilə Fəxri Xiyabanda - Fotolar

Anar Kərimov mədəniyyət xadimləri ilə Fəxri Xiyabanda -  Fotolar
661 dəfə oxunub
  • A-
  • A
  • A+

9 Noyabr – Dövlət Bayrağı günündə Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı ziyarət ediblər.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Yazıçılar Birliyinin sədri Anar Rzayev, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artistləri Mənsum İbrahimov, Yalçın Adıgözəlov, görkəmli tarzən Ramiz Quliyev, digər tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətimizin unudulmaz hamisi Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu öndərin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, məzarın önünə gül dəstələri qoyulub.

Fəxri xiyaban Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlərin uyuduğu məkandır. Dahi bəstəkar Üzeyir Hacıbəyli, milli vokal sənətimizin banisi Bülbül, dünya şöhrətli xalçaçı-rəssam Lətif Kərimov, korifey teatr rejissoru Mehdi Məmmədov, eləcə də əslən şuşalı olan görkəmli musiqi xadimləri – bəstəkarlar Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov, maestro Niyazi, müğənni Rəşid Behbudov və digər görkəmli sənətkarların məzarları buradadır.

Şuşanın işğaldan azad olunması münasibətilə bu şəhərdə doğulan, Şuşanın mədəni mühitindən bəhrələnən görkəmli şəxsiyyətlərin məzarları ziyarət olunub. Məzarların üzərinə gül dəstələri qoyulub.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qeyd edib ki, bu gün burada toplaşmaqda məqsəd əslən Şuşadan olan dahi sənətkarların xatirəsini yad etməkdir:

“Hər birinin ruhları şad olsun. Çünki Qarabağın qəlbi Şuşa şəhəri düşməndən azad olunub. Bu münasibətlə mən bütün Azərbaycan xalqını, ürəyi Azərbaycanla döyünən bütün insanları təbrik edirəm. Şuşa bizim qeyrət qalamız, kimliyimizdir. 28 ildir ki, biz Şuşanın həsrəti ilə yaşamışıq. Sağ olsun Ali Baş Komandan, sağ olsun Azərbaycan Ordusu ki, bizlərə bu qalibiyyəti bəxş etdilər. Mən əminəm ki, gələn il Şuşada böyük bir tədbir keçirəcəyik. Cıdır düzündə Qarabağ atlarının belində çövkən oyunu təşkil edəcəyik. Şuşanın bütün mədəniyyət abidələrini, xalçalarımızın solan rənglərini bərpa edəcəyik”.

Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər. Anar Kərimov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının əziz xatirəsinə ehtiramını bildirib, ailələrinə başsağlığı verib.