Bu gün Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirilib.

Axşam.az xəbər verir ki, mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bu münasibətilə qonaqları və Azərbaycan xalçaçılarını təbrik edərək bu sahədə çalışanlara uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir. Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir:

 

“Zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən xalçalar qarət edilib, xarici ölkələrə aparılıb. Sevindirici haldır ki, bir çox nadir xalça nümunələrinin ölkəmizə qaytarılması istiqamətdə addımlar atılıb. Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır. Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür. Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin nadir sənət incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə dövlət başçısının sərəncamına əsasən inşa edilən və artıq Bakı şəhərinin simvollarından birinə çevrilmiş açılan sehrli xalça formalı bu bina xalçaçılıq sənətinə verilən dəyərin bariz nümunəsidir”.

 

Qeyd olunub ki, dövlət tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması böyük əhəmiyyət kəsb edir. 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə “Ənənə və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun keçirilməsi də bu diqqətin təzahürüdür:

“Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Bu ilin 29 yanvar tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında təşkil olunan “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də bu qəbildəndir”.

 

Hazırda ölkəmizdə hər kəsin böyük qürur və iftixarla şanlı Qələbəni qeyd etdiyini vurğulayan Anar Kərimov müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpasına başlanacağını bildirib:

“Bu isə o deməkdir ki, illərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da öz vətəninə qayıdacaq və 30 ilə yaxındır qəriblik həyatı yaşayan xalçalar doğma məkanında sərgilənəcək”.



                 

Xəbər lenti