"Susuram ki, sizin vicdanınızın səsini duyum"

"Susuram ki, sizin vicdanınızın səsini duyum"
1108 dəfə oxunub
  • A-
  • A
  • A+
"Biz qalib olduq, Qarabağ bizimdir. Əlimizə bayraq alıb Bakının küçələrinə axışıb, bu sözləri sevinc göz yaşları içində qışqırıb deyəndə, hamımıza bəlli idi Qarabağ nəyin və kimlərin hesabına alındı. Müharibə qalibiyyətlə bitdi".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni qazilərin görüntülərini yayımlayanları tənqid edənlərə cavab verib:

"Bizim sevincimiz saysız ailənin ocağının ömürlük sönməsinə səbəb olan sevincdir. Bizim sevincimizdə anaların, ataların heç vaxt bitməyəcək göz yaşları, övladların "ata xiffəti" var. Sevincimizdə dünyanın ən yüksək texnologiyalar istehsalı olan protezlərin yerini verməyəcəyi itirilmiş əllər, ayaqlar sahiblərinin sağlamlığı, gözlərinin həmişəlik itirilmiş nuru var.

"Dövlətimiz qazilərimiz, şəhidlərimiz üçün hər şey edəcək, niyə yardım üçün onların şəkillərini paylaşırsınız?" deyənlərədir sözüm. Dövlət də, biz də onlar üçün nə etsək də azdır. Bu həyatda candan şirin nə ola bilər? Onlar bu canlarını bizim qalib millət olmağımız üçün qoyublar. Bəli, dövlətimiz onlar üçun hər şey edəcək. Ancaq onların şəhid olan ailə başçılarını, itirilmiş sağlamlıqlarını gətirib yerinə qoymayacaq. Siz o yarımcan bədənlərin xəstəxanadan çixandan sonra qayıdacaqları şəraitsiz evləri görmüsünüz? İsti, şəraitli evinizdə çox nəsihətlər yaza bilərsiniz, ancaq bir anlıq soyuq, şəraitsiz evdə özünüzün əməliyyat sonrası reabilitasiya dövrünüzü təsəvvür edin. Heç nə demirəm, susuram ki, sizin vicdanınızın səsini duyum.

Bəli, müharibə bitib, ancaq fəsadları bitməyib. Dövlətimiz onların problemlərini həll etməklə yanaşı biz onların yanında olmalıyıq. Problemlər bitəndən sonra da bir ömür boyu onların arxasında olmalıyıq. Problemlərini sosiallaşdırmalıyıq, paylaşmalıyıq".