Bu gün şəhid hərbçimiz Taleh İsmayılov yaşasaydı, 34 yaşını qeyd edəcəkdi.

Axşam.az "Report"a istinadən xəbər verir ki, doğum günündə onun dostları, hərbçi yoldaşları da ailəni tək qoymayıb.

Lənkəran rayonunun Boladi kəndində doğulan şəhid hərbçimiz 2009-cu ildə ailə həyatı qurub. Üç oğul atası olan şəhidimiz 2014-cü ildə Ağdam istiqamətində erməni diversiya qrupu tərəfindən bir neçə hərbiçimiz şəhid olduqda müddətdən artıq hərbi xidmətə yazılmaq qərarına gəlib. Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsinin ilk günlərindən də cəbhənin ən gərgin mövqelərində xidmət edib. Son dəfə ailəsi ilə danışanda Şuşa ətrafında olduqlarını söyləyib.

Şəhidin həyat yoldaşı Gülay İsmayılova bildirib ki, cəbhənin cənub istiqamətində işğaldan azad olunmuş bütün torpaqlara Talehin ayağı dəyib:

"Sonuncu gün də Şuşada olanda elə danışırdı ki, ümumiyyətlə, elə bildim döyüş bitib. Artıq hər şeyin bitdiyini, qələbəni hiss etmişdi. O, qələbə çalmışdı. Şuşada olduğuna çox sevinirdi. Həmişə məyus olardı ki, yoldaşlarım döyüşür, şəhid olur. Elə bil şəhidlik arzusunda idi. Deyirdi qorxmayasan. Uşaqları sənə, səni də Allaha əmanət edirəm, ağlamayasan. Sanki şəhid olacağını bilirdi. Deyərdi həmişə başı dik gəz. Fəxr elə. Sən bir hərbçi yoldaşısan. Başa düş ki, mən Vətənə aidəm, öncə Vətəndir”.



                 

Xəbər lenti