Şəhid ərini çiyinlərində daşıyan Firuzə: “Son borcum idi” - Fotolar+Video

Şəhid ərini çiyinlərində daşıyan Firuzə: “Son borcum idi” -  Fotolar+Video
2447 dəfə oxunub
  • A-
  • A
  • A+
44 günlük Vətən müharibəsində bizi qürurlandıran igidlərimizdən biri də şəhid Röyal Cəfərov olub.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət hamımızın Müdafiə Nazirliyinin yayımladığı videoda gördüyü, erməni bayrağını binanın üstündən təpikləyib yerə atan və orada Azərbaycan bayrağını dalğalandıran həmin qəhrəmanımızdan gedir.

Şəhid ərinin tabutunu çiyinlərində daşıyaraq nəşini torpağa tapşırmağa aparan həyat yoldaşının da bu addımı hər bir azərbaycanlını duyğulandırdı və qürurlandırdı.

R.Cəfərovun həyat yoldaşı Firuzə Cəfərova deyir ki, ərinin tabutu altına girərkən əlavə heç bir şey düşünməyib: “Bu mənim son borcum idi, Röyalın qarşısında son vəzifəmi yerinə yetirdim”.

Atası Vaqif Cəfərov isə oğlu ilə danışarkən ona əsir düşməkdənsə, şəhid olmağı tapşırdığını deyir.

Röyalı xilas etməyə çalışan döyüş yoldaşı Süleyman Məmmədov həm də onunla birgə hərbi təhsil alıb.

S.Məmmədov döyüş zonasında ayağından yaralanan dostu Röyalın yarasını özünün “jqut”u ilə bağlayıb və sinəsində sürüyərək çıxarmaq istəyib. Bu zaman düşmən snayperi ilə Röyal növbəti dəfə vurulub, ona dəyən güllə çıxaraq dostu Süleymana tuş gəlib və o da yaralanıb. Süleyman onlara tərəf gələn 8 erməni əsgərini güllələyərək öldürüb, sonra isə dostunun meyitinin ermənilərin əlinə keçməməsi üçün yaralı vəziyyətdə özü ilə onu 700 metr daşıyıb.

 

Röyaldan ailəsinə və Vətəninə yadigar 4 yaşlı Yağmur və 4 aylıq Rüzgar qaldı. Oğluna bu adı özü versə də, onu cəmi bir ay görə bilib.

Son arzusu da bu olub: ailəsini bir də görüb, sonra şəhid olmaq...