Qadına olan sevgi ilk olaraq anadan başlayır və bu sevgi böyüyərək ümumilikdə bütün insanlığı əhatə edir. Öz varlığı ilə cəmiyyətə sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət, ismət və sədaqət sözlərini ehtiva edən Qadın adı nə qədər ülvi olsa da, Azərbaycan Qadını adı bir o qədər də dərin məna və əhəmiyyət kəsb edir. Bəli, Azərbaycan Qadını adı dünyada movcud olan adlar arasında ən yüksəyidir.

Adi günlərdə özünü həyat yoldaşına, uşaqlarına və ev işlərinə sərf edən Azərbaycan qadını tale yüklü bütün məsələlərin həllində və müharibələrdə tam fərqli və xarizmatik obraz nümayiş etdirib. Bu, Azərbaycan qadınının qəhrəman və igidlik obrazıdır. Hər bir uğurlu kişinin arxasında güclü bir qadının olması barədə ifadə boşuna deyilməyib. Bu qadın həyat yoldaşı, bacı və nəhayət qayğıkeş ana ola bilər. 44 günlük Vətən müharibəsində şücaət, igidlik göstərən əsgər və zabitlərimizin anası da məhz Azərbaycan qadınıdır. Analarının onlara verdiyi sevgi hərbçilərdə Vətən sevgisini yaradan birinci və ən əhəmiyyətli amildir.

Əzəli torpağımız olan Qarabağda qısa müddət davam edən döyüşlərdə Azərbaycan qadını əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün dualar etdi. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim qadınlarımız hər bir əsgərimizə öz övladı kimi baxdı, onu əzizləyib qayğısına qaldı, başına sığal çəkdi. Bəzi qadınlarımız cəbhəyə öz əlləri ilə hazırladığı yeməkləri, ədviyyatları, evində olan isti paltarları göndərdi. Hətta cəbhədə heç bir qohumu olmayan qadınlar belə bu cür addımlar atırdılar. Cəbhədə olan hər bir əsgər və zabit Azərbaycan Qadınının doğması sayılırdı.
Azərbaycan qadının siması olan ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın müharibənin ilk günlərində Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında yaralı qazilərimizi ziyarət edərkən kövrəlməsi və gözlərindən axan yaş bütün dünyaya və insanlığa bir sevgi mesajı idi. Mehriban xanımın nurlu simasından süzülüb yerə düşən bir neçə damcı bütün Azərbaycan Qadınlarının göz yaşları idi, sadəcə bu göz yaşları ümumiləşib Mehriban xanımın gözlərindən axırdı. Diplomatik və cəsarətli Azərbaycan qadınının öz əsgərinə olan sevgisi bütün ülvi hisslərdən öndə idi.

Həmin dövrdə isə cinayətkar Ermənistan dövlətinin birinci xanımı Anna Akopyan əlinə silah götürərək guya hərbi təlimlərə qatılaraq qadınlardan ibarət dəstələr yaradırdı. Özünü bütün dünyaya biabır edən əri Paşinyan kimi nə etdiyini bilməyən Annanın qadın dəstəsindən sonralar bir xəbər də çıxmadı. Öz əsgəri ilə əl verib görüşməyi özünə yaraşdırmayan Paşinyana həyat yoldaşlığı edən Annanı heç Mehriban xanımla müqayisə də etmirəm, çünki bu müqayisə ədalətsiz və yersiz olar. Sadəcə erməni qadınlarının siması olan Annanın xaraktersizliyini, sevgi və mərhəmət hisslərindən uzaq olmasını bir daha xatırlatmaq istədim. Hər iki ölkənin birinci xanımı öz xalqının qadınlarının təmsilçisidir.

Cəsurluğu ilə nümunə olan, hətta əlinə silah alıb aktiv döyüşlərə qatılmaq istəyən Azərbaycan qadınının bəziləri Vətən müharibəsində həyat yoldaşını, övladını, qardaşını və ya atasını itirdi. Bu məsələdə də, qadınlarımız dünyanı heyran buraxacaq hərəkətlər etdilər. Şəhid olan əzizlərinin nəşini də şərəf və ləyaqətlə qarşıladılar. Təklikdə və içində ağladı Azərbaycan Qadını. Bəzən əzizinin tabutunu yerdən qaldırıb başı üzərində apardı. Həmin anda onun dilində yalnız bu söz vardı: “Təki Vətən sağ olsun”. Dünyada ancaq Türk və Azərbaycan qadınının dediyi bu söz vətən üçün qadınlarımızın canından çox sevdiyi doğmalarını qurban verməyə hazır olduğunu göstərdi. Həyat yoldaşları şəhid olan Azərbaycan Qadını dünyada yeganə qadındır ki, o, daim ərinin yasını saxlayacaq, yenidən ailə həyatı qurmayacaq, həmişə onunla olan günlərini xatırlayıb göz yaşı axıdacaq, onunla qürur duyacaq, şəhid xanımıyam deyəcək, sevgisini isə ancaq övladlarına verəcək. Daxilində sevgi, mərhəmət olan Azərbaycan qadınının ürəyi çox böyükdür. Lakin düşmən unutmasın ki, o ürəkdə onlara qarşı qəzəb və nifrətə də yer var. O nifrətin toxumları isə 20-ci əsrin əvvələrində xalqımıza qarşı törədilmiş soyqrımda, daha sonra isə Xocalı faciəsi zamanı fəryadları göylərə qalxmış körpələrin gözlərindən axan yaşla bəslənmişdir. Azərbaycan Qadını dostunu və düşmənini heç vaxt unutmayacaq!

Ruhi Əliyeva,

YAP Qadınlar Şurasının üzvü, iş xanımı



                 

Xəbər lenti