“Azərbaycanda media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı Prezidentin fərmanı var. Birinci hissəsi Media Agentliyi publik hüquqi şəxsin yaradılması idi. İkinci hissəsi isə Media haqqında qanun layihəsinin hazırlanması və təqdim olunması ilə bağlı idi. Bunun üzərində artıq işçi qrup öz işini yekunlaşdırmaq üzrədir. Müəyyən istiqamətlər bəllidir, KİV haqqında qanunun qüvvədən düşməsi və Media haqqında qanunun qəbul edilməsi prosesindəyik”.

Axşam.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, Kütləvi İnformasiya Vasitələri haqqında qanundan fərqli olaraq burada Azərbaycanda media subyektlərinin bütün dairəsi əhatə edilməlidir:

“Həm onlayn, həm çap medianın kriteriyaların, həm də audio-vizual media üçün lisenziyaların verilməsi, reyestrin aparılması, sistemləşdirilməsi nəzərdə tutulur. Həmçinin yeni qanunda jurnalistlər barədə məlumatlar sistemləşdiriləcək”.

Ə. İsmayılov bildirib ki, Media haqqında qanun layihəsində ilkin təklif ondan ibarət olub ki, yeni qanunda bu sahədə olan əvvəlki pərakəndəlik aradan qalxacaq. İnformasiyanın məzmununa olan tələblər müəyyən olunacaq:

“Hazırda jurnalist olmaq üçün ali təhsilin olması kifayətdir. Eyni zamanda, bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Media subyektlərimiz bundan böyük narahatlıq keçirirlər. Çünki jurnalist olmadan da ciblərində hər hansı vəsiqə ilə cəmiyyət içərisində fəaliyyət göstərən şəxslər var. Jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində biz bunu müzakirə edəcəyik”.



                 

Xəbər lenti