"Rafael Dadaşovun adını çəkmək borcunuzdur"

"Rafael Dadaşovun adını çəkmək borcunuzdur"
1500 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova atasının dəfn mərasimində baş verən bəzi məqamalar haqqında açıqlama verib.

Axşam.az bildirir ki, o, "Atv maqazin onlarla" verilişinə müsahibəsi zamanı dəfndə ona tutulan iradlardan söz açıb: 

"Mənə qayıtdı ki, sən gərək belə dayanardın, camaat gəlib bir-bir səni öpüb başsağlığı verərdi. Özü də bilirsiz necə? Bunu deyən Xalq artistidir. Görün nə qədər düşüncəsiz insandır ki, adamın ən yaxın doğması vəfat edib. Mən də orada dayanım baxım görüm ki, kimi gəlib yasa? Kim nə geyinib? Sən niyə şalvarda gəldin yasa? 

Başa düşmədim, mən kastinqə gəlmişəm? Kimisə seçməlidirlər orada? O an mən atamı fikirləşirdim. Kim gəlib başsağlığı verdi, vermədi mənə maraqlı deyildi. Kim məni, atamı saymayıbsa, mən də saymayacam. Siz borclusunuz, məcbursunuz bunu etməyə, çünki o, illərdir sizə qulluq edib. Efirlərdə də olsa, hər birinizin qonağı olub."

Səidə atasına qarşı gördüyü laqeyid münasibətə artıq tab gətirə bilmədiyini deyib:

"Bir çox məşhurlar 2020-ci il necə yadda qalması və hansı sənətkarların vəfat etməsi haqqında danışarkən hamının adını çəkdilər. Atamın adı isə çəkilmədi. 1900 neçənci illərdə rəhmətə gedən sənətkarın adını çəkirsiz, atamın ili hələ çıxmayıb. Pis oldum bu cür hallara".

S.Dadaşova atasının vəsiyyətindən bəhs edib:

"Deyirdi ki, qızım hər zaman güclü ol! Heç kimə icazə vermə ki, qürurunu tapdalasınlar. Özünü gücsüz göstərsən, səndən istifadə edəcəklər. Sənə xətər yetirəcəklər. Tarixdə qalan insan oldu. Hərdən özümə deyirəm ki, niyə ümumiyyətlə bu sənətdəyəm? Əgər o cür nəhəng insan dünyasını dəyişdi və onun adı çəkilmirsə, daha mən öləndən sonra ümumiyyətlə deməyəcəklər ki, həyatda belə insan var idi".

Səidə bildirib ki, ona ancaq Xalq artisti Aygün Kazımova dəstək çıxıb:

"Doğurdan da, o, xalqın Aygünüdür. Çox gözəl, dəyərli insandır. Ona yazdım ki, sizin bir neçə mahnınızı oxumaq istəyirəm. Dedi ki, sənə qurbandır, gərək heç soruşmazdın".