Müharibədə əziyyət çəkən qadınların "Köhnə çamadanlar"ı - Fotolar

Müharibədə əziyyət çəkən qadınların "Köhnə çamadanlar"ı - Fotolar
6158 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün "Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib. 

Axşam.az xəbər verir ki, ekran işi Birinci və İkinci Qarabağ müharibəsindən bəhs edib. Səidə Haqverdiyevanın quruluşçu rejissoru olduğu "Köhnə çamadanlar" filminin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rəssamı Əfşan Əsədovadır.

Real hadisələr əsasında çəkilən tammetrajlı bədii filmin qəhrəmanları müharibənin həyatlarında dərin ağrılı izlər buraxdığı insanlar, əsas etibarilə qadınlardır. Belə ki, filmdə müharibədə əziyyət çəkən qadınların hekayəsindən bəhs edilib. 

Ekran işinin əvvəlində Birinci Qarabağ müharibəsində əsir düşən, övladını, həyat yoldaşını itirən qadınlar, sonda isə Vətən müharibəsi qələbəsi əks olunub.

Gecədə S.Haqverdiyeva çıxış edərək "Biz bu müharibənin içindən keçmişik, ağır günlərin şahidi olmuşuq. Kimi köçkünçülük görüb, kimi həyat yoldaşını, mənim kimi atasını itirib. Bir təsginliyimiz var: biz Zəfər qazanan, güclü ölkənin qadınlarıyıq" sözlərini söyləyib. 

Gülzar Qurbanova isə ekran işində əməyi keçən hər kəsə minnətdarlığını bildirib:

"Bu, köhnə çamadanların içində bizim uşaqlığımız, gəncliyimiz, o günlərin həqiqətləri, tarixin bir parçası var. Sarsıntı və kədərimiz, arzu və xəyallarımızdan yığılan xatirələr var. Azərbaycan qadınının Birinci Qarabağ müharibəsində yaşadıqlarına baxmayaraq, nə qədər güclü olduğunu burada gördük. Çamadanların içərisində olan ümidimiz, inamımız bizi qələbəyə gətirdi. Ağır itkilərə sinə gərən şəhid analarının qarşısında baş əyirəm". 

Filmdə rolları Xalq artistləri Məmməd Səfa, Pərvanə Qurbanova, Əməkdar artistlər Zemfira Əbdüsəmədova, Gülzar Qurbanova, Qızılgül Quliyeva, Şəfəq Əliyeva, Nəsibə Eldarova, aktyorlar Könül Qasımova, Rəsmiyyə Nurməmmədova, Zülfiyyə Qurbanova, Zümrüd Qasımova, Ülviyyə Əliyeva, Zülfiyyə Nəzər Məmmədova, Rada Nəsibova, Türkay Cəfərli, Rəhim Rəhimov, Elmira Hüseynova, Səriyyə Mansurova, Aygün Fətullayeva, aktrisa-rəqqasə Oksana Rəsulova, rejissor Aqil M.Quliyev canlandırıb.