"Əgər italyanca bilmirsənsə, sadəcə "pasta" de" - Fotolar

"Əgər italyanca bilmirsənsə, sadəcə "pasta" de" - Fotolar
9572 dəfə oxunub
  • A-
  • A
  • A+

İlk Avropa səfərim idi. Mən də istədim təəssüratlarımı paylaşım. Düzdür, artıq üstündən uzun müddət keçib, amma vaxtım ancaq bu günə oldu. Əslində, mənim Avropa səfərimin məqsədi "Avroviziya" mahnı müsabiqəsində media nümayəndəsi kimi iştirak etmək idi. Elə yola da bu istəklə çıxdım.

Viza üçün İtaliya səfirliyinə müraciət etməyə vaxtım qalmamışdı. Çünki İtaliya səfirliyi səfərdən 30 gün əvvəl sənədlərin verilməsini tələb edirdi. İş üçün getdiyimi biləndə isə mənə görüş günü təyin edildi. Amma dəvət məktubu olduğu üçün tələb edilən sənədlərin siyahısı uzun idi. Beləcə, turist vizası üçün Fransa səfirliynə üz tutdum. Sənədlərin toplanmasına 500 manat pul xərclədim: bura, bankdan aldığım sənədlər, sığorta, bronlar üçün turizm şirkətinin haqqı, təcili müraciət üçün səfirlikdən VİP yer götürmək və viza rüsumu daxildir.

Cəmi 3 iş günü ərzində vizamın cavabını aldım. Vizam mayın 11-dən qüvvədə idi, mən isə 12-də Azərbaycanın çıxışına çatmalı idim. Beləcə, Türkiyə tranzit yolu ilə Milana uçmaq ən rahatı idi. Bakı-İstanbul-Milan reysi ilə yola çıxdım. Bilet 526 manat...

Covid-19 pasportu və PCR test-lə bağlı bu günlərdə hamı maraqlanır. Qeyd edim ki, Covid pasportum olmasına baxmayaraq, hər ehtimala PCR test də verdim. Bakıda hava limanında test istədilər. Türkiyədə və İtaliyada isə heç koronavirus pasportu soruşulmadı. Mayın 11-də səhər saat 11-də artıq Milanda idim. 

İlk dayanacaq Milan idi. Həmin gün Milanda qalıb, ətrafı dolaşmaq qərarına gəldim. Hava limanından mərkəzə avtobusla rahat getmək mümkündür. Sadəcə, 10 avroya avtobusa bilet alırsan. Hər yeri rahat gəzmək üçün Milan Centrale məsləhətdir. Təyyarədə olanda aşağıdakı dağları, yaşıl meşələri görüb hələ çatmadığımı düşünürdüm. Milan sanki meşə içərisində salınan bir şəhər idi. Yaşıl rəng isə o qədər təbii və gözəl idi ki... Ətraf yalnız yaşıl ağacların, lalə, lavanda çiçəklərinin bol olduğu parklardan ibarətdir. İlk görmək istədiyim yer hər tərəfi yaşıllıq olan İsola adlı binadır. Ümumiyyətlə, İtaliyada bu cür binaları hər addım görə bilərsiniz. Ən çox da eyvanında çiçək səbətləri asılan binalar göz oxşayır.

Bir çoxlarının yaddaşında Milan dəbin mərkəzi kimi qalırsa, mənim üçün belə olmadı. Düzdür, dünyanın bütün məşhur brendləri hər addımda qarşınıza çıxacaq. Amma onun fonunda da güllü-çiçəkli binalar, parklar... İnsanlar o qədər qayğısız, xoşbəxtdirlər ki... Heç kim bahalı avtomobil sürmək iddiasında deyil. Balaca və ucuz avtomobillər, velosiped və elektrik italyanların seçimidir. Avtobusa və ya tramvaya minəndə isə sürücü sizin ödəniş edib-etməməyinizə, kartı vurub vurmamağınıza fikir vermir.

Sürücünün sərnişinə qışqırması, ona nəsə deməsi isə heç görməyəcəyiniz bir haldır. Nə yalan deyim, elə mən də avtobus və ya tramvaya minəndə ödəniş etmirdim. Amma səfərimin çoxunu ayaqla gəzərək keçirdim. Əlimdə xəritəm, gedəcəyim yerlərin siyahısı. Məncə, Avropa səfəri zamanı ayaqla gəzmək daha yaxşıdır. Çünki hər addımda qarşınıza maraqlı bir bina, tarixi tikili və ya park çıxacaq. 

Şoppinqsiz olmaz...

Parkları, gəzə-gəzə gəlib məşhur şoppinq mərkəzə çatdım. Muzeyi xatırladan bu yerdə mozaik əsərlər görəcəksiniz. Hər kəs foto çəkdirib, brend mağazalar qarşısında poza vermək növbəsindədir. Mən də onlardan geri qalmayıb foto çəkdirməyə çalışanda birdən mağazaların birinin şüşəsində Duemonun əksini gördüm.

Bir az qabağa gedəndə isə ağ mərmərdən tikilmiş Avropanın və İtaliyanın ən yaraşıqlı memarlıq abidəsi və dünyanın ən böyük dördüncü kilsəsi qarşıma çıxdı. İnsanlar binanın qarşısında göyərçinlərin arasında foto və video çəkdirmək üçün növbəyə dayanmışdılar. Qarşıda turistlərə şəkil çəkdirən zaman göyərçinləri cəlb etmək məqsədiylə buğda, qarğıdalı verən şəxsləri görəcəksiniz. əvvəlcədən hamı tapşırır ki, onlar sizdən çox pul istəyəcəklər. Hətta bunun 10 avro olduğunu söyləyənlər də olurdu. Amma nədənsə mənə bir neçə dəfə buğda, qarğıdalı verilsə də, heç bir pul istəmədilər. Hətta fotomu belə çəkməyi təklif etdilər.

Əfsanəvi Duomo

Ətrafdakı mənzərəni izləyib, şəkillər çəkdirdikdən sonra, əlbəttə bu tarixi kilsənin içərisini də görmək lazımdır. Giriş bileti müxtəlif qiymətlərədir: ayaqla çıxmaq istəyənlər daha ucuz bilet ala bilər ki, bu, 8-9 avrodur. Liftlə qalxmaq istəyənlər isə 14 avro ödəməlidir. Mən çox gəzdiyim üçün lifti seçdim. Beləcə, bu gözəlliyin ən yüksək mərtəbəsindən Milana baxıb, fotolar çəkdirib, geri döndüm.

Liftə bilet alsam da, başım necə qarışdısa, ayaqla düşdüm. Elə yuxarıdakı mənzərə də ən az aşağıdakı qədər gözəldir. Buradan siz qədim kilsəni, ətrafdakı tikililəri daha rahat izləyə biləcəksiniz. 

Mikelancelonin yarımçıq qalan son əsəri

Milan gəzintisi zamanı maraqlı məkanlardan biri də "Sforzesco Castle" idi. Avropanın ən böyük qalası hesab edilən bu məkan 15-ci əsrdə inşa edilib. Qalanın həyətində gəzmək pulsuzdur. Əgər içəridəki muzeyi ziyarət etmək istəsəniz bunun üçün bilet almalısınız. İçərisində 18 ədəd muzey və sərgi salonu var. Mikelancelonun həyatının son günlərini məhz bu qalada keçirdiyi bildirilib. Buna görə də onun hazırladığı və yarımçıq qalan sonuncu heykəli Pieta burada saxlanılır. Qala içərisində diqqət çəkən muzeylərdən biri isə Leonardo Da Vinçi tərəfindən dizayn edilib. 1360-ci ildə inşasına başlanılan bu qalanı gəzmək üçün yarım günə ehtiyacınız ola bilər. 

Piknik səbətinizi unutmayın

Qalanın içərisindən keçib gedərkən qarşınıza "Sempione Park" çıxacaq. İnsanların istirahət üçün gəldiyi bu parkda bir yanda futbol oynayan, bir yanda günəş vannası qəbul edən, bir yanda pilates edən, bir yanda süfrə açıb içki məclisi quran insanlara rast gələcəksiniz. Parkda hətta göl də var. 1988-ci ildə salınan bu park 38 hektar ərazini əhatə edir. Oksigenlə zəngin olan bu parka gələnlər piknik səbətlərini də özləri ilə götürürlər. Burada 1807-ci ildə Napaleonun zəfərlərinə həsr edilən abidəni də görə biləcəksiniz. 

Bir günlük Milan gəzintimə yetərincə yer görməyi sığdıra bildim. Yol boyunca qarşıma çıxan tarixi məkanlar, parklar, maraqlı məkanlarla bağlı isə geniş yaza bilməyəcəm. Restoranlara gəldikdə isə Milanda hər büdcəyə uyğun restoran tapa bilərsiniz. İtaliyaya yolunuz düşsə, onların məşhur "aperitivo" adlanan içkisinin dadına baxın.

Onsuz gəzərkən parkda və ya restoranda oturan hər kəsin qarşısında, əlində bu məşhur içkini görəcəksiniz. İtalyanlar iş saatı bitdikdən sonra özlərinə bu içki ilə istirahət verirlər. Bir gün içərisində məşhur italyan pizzasının, pastalarının dadına baxmaq imkanım oldu. Əgər italyanca bilmirsənsə, burada restoranda sadəcə "pasta" deməyin kifayətdir. Bunu isə turistlərə yerli sakinlər məsləhət görür.

Növbəti günüm isə səfərimin səbəbkarı olan "Avroviziya" keçirilən Turin şəhəri idi. Səhər saat 5-də "Milan Centrale" vağzalından Turinə yola düşdüm. Milandan cəmi 2 saatlıq yoldur. Bilet isə 10 dollardan başlayır. Turini ilk gün tam gəzmək imkanım olmasa da, ətrafda yaşıl ağaclarla bürünmüş dağların və tarixi binaların mənzərəsi göz oxşayırdı. Hotelə əşyalarımı qoyduqdan sonra tədbirin keçiriləcəyi məkana yollanıram. Məkan uzaq olduğu üçün mənə iki avtobus və tramvay dəyişmək lazım olur. Və beləcə, mən "Avroviziya"da mətbuat üçün hazırlanan məkana çatdım.

Qeydiyyat vəsiqəmi götürmək heç də çətin olmadı. Ayrılan şöbəyə yaxınlaşan və ad soyadımı deyən kimi mənə yaxa kartımı verdilər. Artıq  Avropanın ən böyük müsabiqəsi olan "Avroviziya" keçirilən məkana daxil olmağım üçün heç bir maneə qalmamışdı. Dünyanın bir çox yerindən media nümayəndələri öz ölkələrinin bayrağını masaya sərib, kompüterlərini açıb, gecəki çıxışlara hazırlaşırdılar. Çox təəssüf edirəm ki, burada Azərbaycandan heç bir media nümayəndəsi yox idi.

"Avroviziya" bitdikdən sonra hotelimə qayıtmağa çalışsam da, ictimai nəqliyyat tapmaq asan deyildi. Çünki Avropada axşam saat 11-dən sonra avtobus, tramvay tapmaq çətindir. Güc-bəla ilə taksi tapıb hotelimə qayıdıram. Azərbaycan təmsilçisi Nadir Rüstəmli finala vəsiqə qazandığı üçün Turinə yenidən gələcəkdim. Amma arada qalan bir günümü boş keçirə bilməzdim. 

Gecə səhər ilk qatara bilet alıb Venesiyaya getməyə qərar verdim. Bilet 28 dollar idi. Turindən Venesiyaya 3 saat 50 dəqiqəlik yoldur. Qatar vağzalından çıxan kimi sizi su üzərində şəhər qarşılayacaq.

Fotolarda gördüyünüz qayıqlarla və körpülərlə dolu mənzərəni hər addımda görə biləcəksiniz. Venesiyada gəzib görəcəyiniz çox yer yoxdur.

Burada qayıq gəzintisi edə, məşhur "Piazza San Marco" meydanına yollana bilərsiniz. Venesiyada yaşayan italyanların dediyi kimi: Bizim görüləcək tək yerimiz elə bu meydandır.

Rəngli çiçəklərlə bəzədilən kafelərdə oturub "Cannoli" yeyə və ya dadlı italyan dondurmasından dada bilərsiniz. 

Gecəni isə yenə Milana qayıdacaqdım. Milanda ikinci günüm o qədər də birinci qədər zəngin olmadı. Sadəcə, Bakıdan gələn dostlarımı görüb onlarla sakit bir gün keçirdim.

Səhəri isə böyük final üçün Turinə qayıdacaqdım. Bu dəfə Turində hotel tapmaq mənim üçün asan olmadı. Yarışmaya görə həm hotellərdə yer qalmamış, həm də qiymətlər qat-qat bahalaşmışdı.

Amma tapdığım bir hotel diqqətimi çəkdi. Düzdür, mərkəzdən uzaq olsa da, dağın başında, meşənin içindəki bu hotel qəsri xatırladırdı. Turinə çatan kimi taksi ilə hotelimə yollandım. Yolboyu mənzərəyə heyran qalmışdım. Final başa çatdıqdan sonra isə yenidən hotelə qayıtdım. Amma saat çox gec olduğu və yorğun olduğum üçün sabahkı planlarımı təxirə salıb, ən qısa yolu seçib Parisə yollanmaq qərarı aldım.

Bütün bazar günümü Turini gəzməyə həsr etdim. Ətrafdakı muzeylər, tarixi binalar... Amma Avropada həftəsonu açıq nə market, nə kafe, nə bir muzey tapa bilərsiniz. İnsanlar sadəcə piknik səbətlərini götürüb parklara axışıb.

Elə məndə onlarla birlikdə parkda vaxtın çatmasını gözlədim. Çantamda isə Venesiyadan aldığım çiyələkdən və bir qab sudan başqa heç nə yox idi. Market isə tapa bilmirdim. Qarşıma çıxan yeganə açıq kafedə qəhvə içə bildim. Və yolum Fransayadır... 

Zəhra Əhmədova