DYP-dən “Teknofest”lə bağlı sürücülərə müraciət

DYP-dən “Teknofest”lə bağlı sürücülərə müraciət
573 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda keçiriləcək Teknofestlə bağlı bir sıra yollarda hərəkət məhdudlaşdırıla bilər.

Axşam.az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və paytaxt sakinlərinə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, 26-29 may tarixlərində festivalın keçiriləcəyi əraziyə 08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus xidməti təşkil ediləcək:

"Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq "28 may" metrostansiyası yaxınlığından birbaşa Bayraq Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə hərəkət edəcəklər. Eyni zamanda sərnişinlərin daşınmasında “Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də fəaliyyət göstərəcək. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların, digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki, Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün qədər az, ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə alınmalıdır".

Qeyd edək ki, 4 gün boyunca Bakı Kristal Holl və Dənizkənarı Bulvarda regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və Aviasiya Festifalı keçiriləcək.