Leysan yağacaq, daşqın olacaq - Xəbərdarlıq

Leysan yağacaq, daşqın olacaq - Xəbərdarlıq
2947 dəfə oxunub
  • A-
  • A
  • A+

“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”.

Axşam.az xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub:

“Eyni zamanda həmin proseslər qonşu ölkələrdə də müşahidə olunmaqdadır. Türkiyədə sel, daşqın hadisələri… Gürcüstanda ötən sutka ərzində düşən güclü yağıntı nəticəsində Kür-Tiflis məntəqəsində Kürün səviyyəsi xeyli artıb. Nəticədə bu gün səhər saat 08:00-lə müqayisədə, artıq Azərbaycan ərazisində Kür-Qıraqkəsəmən məntəqəsində səviyyənin 53 sm artımı qeydə alınıb.

Bu proses bu gün gecə ərzində davam edəcək və sabah gün ərzində Kür çayının yuxarı axınında yüksəksululuq müşahidə olunacaq, daşqın istisna olunmur. Buna görə, xüsusən, Ağstafa, Qazax, Tovuz rayonlarında yaşayan əhaliyə xəbərdarlıq etmək istərdik ki, Kür çayının yaxınlığında olan obyektlərdə, ərazilərdə çox diqqətli olsunlar. Eyni zamanda yerli icra hakimiyyətlərinin müvafiq tədbirlər görməsi vacibdir”. 

U.Tağıyeva bildirib ki, iyun ayının sonunadək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək:

“Buna görə də fasilələrlə, əsasən də respublikanın dağlıq və dağətəyi rayonlarında leysan xarakterli yağışların yağması ehtimal edilir. Nəticədə respublikanın dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi haqqında proqnozlar verilib, bəzi rayonlarda dolu düşəcəyi ehtimalı var”.