Xalq artisti Firəngiz Mütəllimova yenidən Şuşaya yollanıb.
Axşam.az xəbər verir ki, aktrisa bu dəfə ailəsi ilə birlikdə ata ocağına səfər edib. F.Mütəllimova Şuşanı qarış-qarış gəzərək fotolar çəkdirib.
O, paylaşımlarından birinə "Canım qardaşım, bacımla müqəddəs Şuşada. Vətəni sözlə, göstərişlə yox, ürəklə sevməliyik... Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin... Bu müqəddəs torpağa qədəm basarkən nə hisslər yaşadığımızı bir Allah bilir. Allah, sənə min şükürlər. Şuşa, sən azadsan" sözlərini yazıb.
Aktrisa əlavə edib ki, qohumları ilə birlikdə Şuşadakı hazırda dağınıq halda olan evlərində olub:
"Allah bu dünyada heç kimə həsrət yaşatmasın. Hər qaranlıq gecənin bir işıqlı sabahı var. Sən yer kürəsinin, dünyanın ən füsunkar şəhərisən. Şuşa, sən ən ərkəsöyün, nazlı, dəyərli, qiyməti olmayan, başı ağ duvaqlı bir təzə gəlinsən sanki. Hər yerdə təmir-tikinti işləri sürətlə gedir. Hər yer gül-çiçəyə qərq olur. Həyəcanla oğlan evini, onu həqiqi sevən sakinlərini gözləyir. Sənin uğrunda qan tökən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şanlı tariximiz bizə canlı yaşadan Ali Baş Komandanımıza, ordumuza, sərhədçilərimizə, əsgərlərimizə, polislərimizə eşq olsun".