Ceyhun Əsgərova nə olub?

Ceyhun Əsgərova nə olub?
7887 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bu gün sosial şəbəkədə bir neçə dəfə narahatlıq doğuran paylaşımlar edib və daha sonra yazdıqlarını silib.

Axşam.az xəbər verir ki, C.Əsgərov paylaşımlarında vəziyyətinin yaxşı olmadığını, dostlarından kömək istədiyini qeyd edib. Lakin o, qısa müddət sonra yazdıqlarını silərək “bir qıraqda öləcəm” sözlərini paylaşıb.

Məsələ ilə bağlı “Qafqazinfo” tanınmış jurnalistlə əlaqə saxlayıb. O, səhhətində problemlərin olduğunu və bu gün getdiyi xəstəxananın onu qəbul etmədiyini bildirib:

“Bir həftə əvvəl sükan arxasında olanda qıcolma keçirdim. Sükanı saxladım, maşını birtəhər “Semaşko” (Kliniki Tibbi Mərkəz - red.) xəstəxanasının yanına sürüb saxlaya bildim, təcili tibbi yardım gəldi. Ondan sonra İstanbula getdim və orada 1 həftə qaldım. Beyin damarımda qıcolma vardı, orada damarıma nəsə yerləşdirdilər. İndi gəlmişəm Bakıya, bağda idim, halım pisləşdi. Dostlarım və sürücüm gəldilər ki, məni götürsünlər. Dedim ki, məni xəstəxanaya aparsınlar. Xəstəxana ilə danışdılar, sonra xəstəxanaya getdim. Ora çatanda dedilər ki, bizə heç nə deyilməyib. İndi də qayıdıram bağa, başımı qoyub öləcəm”.

Yaxınları isə Ceyhun Əsgərovun bir müddətdir zərərli vərdişlərdən əziyyət çəkdiyini bildiriblər.

TƏBİB-in mətbuat xidməti mətbuat katibi Zamirə Adilova Ceyhun Əsgərovla bağlı məlumat yayaraq bildirib ki, onun müayinəsi üçün Təcili Tibbi Yardım Briqadası göndərilib:

"Bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Onun davamlı müalicə alması şərtdir. Amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”. 

Qeyd edək ki, Ceyhun Əsgərov jurnalistlik fəaliyyətinə ANS-də başlayıb və xeyli müddət bu kanalda çalışıb. Daha sonra aznews.az saytında baş redaktor, Əmlak Məsələləri Dövlət Xidmətində mətbuat katibi işləyib. Hazırda isə Baku TV-də həftəlik proqramın aparıcısıdır.