"Əlisilahlı şəxs qışqırdı ki, yerə uzanın" - Video

"Əlisilahlı şəxs qışqırdı ki, yerə uzanın" - Video
1675 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gözləmədiyimiz və həyatın həmin məqamında yaşadığımız hansısa hadisəni pis və fəlakətli hadisə kimi qəbul edirik. Sonra başa düşürük ki, həyatımızda nə olursa, xeyirliyə doğru olur. Bir hekayə yadıma düşdü. Qəmbər Hüseynli adına Gəncə Musiqi Kollecinin birinci kurs tələbəsi idim, 1993-cü il idi.  Bütün ölkə 1992-1993-cü illəri keçməkeşli və dövlətimizin qurucusu Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi bir dövr kimi xatırlayır. Yaxşı ki, bu tarixi yaşamışıq. Gəncədə çox qorxulu hadisələr baş verirdi. Demək olar ki, vətəndaş müharibəsi vəziyyəti idi".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Nərgiz" dərgisinə video musahibəsində deyib. Müğənni illər əvvəl Gəncə hadisəsində başına gələnləri danışıb:

"Müəllimim Kəmalə xanım tapşırdı ki, evə get, rəfiqələrinlə heç yerə çıxma. Ona söz verdim, amma sözünə baxmadım. Rəfiqələrim vardı. Dərslər bitdi və Gəncədə şəhərə çıxdıq. Sabir küçəsində gördük ki, bizdən başqa heç kim yoxdu. Bir hərbi maşın yaxınlaşdı. Sonra əli silahlı şəxs bizə yaxınlaşdı və qışqırdı ki, yerə uzanın. Həyəcan, qorxu içində yerə yıxıldıq. Bir anlıq müəlliməmin sözünü xatırladım. Hərbi maşındakı şəxs bizə yaxınlaşdı və yerdən qaldırdı. Dedi ki, siz bu küçədə nə gəzirsiniz, görmürsünüz vəziyyət nəcədir?

Üç qız danışa bilmirdik, şokdaydıq. O yadımdadır ki, bizi kafeyə (xəngəlxana) apardılar, orada vəziyyət sakitləşənə qədər gözlədik. Tapşırdılar ki, heç kim küçəyə çıxmasın. Yanımdakı qızlar daha pis vəziyyətdə idilər. Özümü toplamağa çalışırdım. İçəridə çox insan var idi.  O anlarda yanımdakıları sakitləşdirməyə çalışırdım. Tovuza xəbər çatır ki, Gəncədə vəziyyət qarışıqdır. Valideynlərim Gəncədə yaşadığım evə zəng ediblər. Evdə olmadığımı biliblər, narahatlıq keçiriblər. Bir neçə saat mənim axtarışımda olublar.

Bir az vəziyyət dəyişəndən sonra insanlar evlərinə dönə bildi. Evə girəndə yaşadığım evin sahibi danlaq səslə “Sən hardasan, hamı neçə saatdır səni axtarır” dedi. Ertəsi gün Tovuza qayıtdım. Atam dedi ki, artıq səni Gəncəyə göndərməyə qorxuram, qiyabi təhsilə keçəcəksən. Mən çox ağladım, yalvararaq qiyabi təhsil istəmədiyimi söylədim. Amma atam razılaşmadı və qiyabi oxudum. Müəllimə kimi fəaliyyətə başladım. Çox gözəl şagirdlərim var idi. Müəllimlik fəaliyyəti mənə çox şey öyrətdi.

Tovuzda 8 il fortepianodan dərs dedim. Bu gün konsertlərimdə, səhnədə çox parlaq insanlar yaxınlaşır ki, sizin şagirdiniz olmuşuq.  Şaqirdlərimi görəndə fəxr edirəm. O vaxtsa ağlamışdım, bu qərar ilə barışa bilmirdim. Amma söhbətimizin əvvəlində dediyim kimi, həyatımızda nə olursa, xeyirliyə olur... Həyatımız daha pozitiv keçir. Həyatımızda nə yaşayırıqsa, bizi bir şeylərə öyrədir".